“Göyçə gölü də Azərbaycana veriləcək” İDDİA

22.09.2026

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Ermənistanın keçmiş xarici işlər naziri, “İrs” Partiyasının lideri Raffi Ovanisyan Azərbaycanla münasibətlər və sülh prosesi barədə növbəti dəfə ifrat ssenarilər səsləndirib. Bu dəfə siyasətçi hətta Sevan gölünün gələcəkdə Ermənistanın nəzarətindən çıxa biləcəyini iddia edib.

Musavat.com xəbər verir ki, Ovanisyan bu fikirləri CivilNet-ə müsahibəsində səsləndirib.

Keçmiş nazir Nikol Paşinyan hökumətinin Azərbaycanla bağlı siyasətini tənqid edərək iddia edib ki, hazırkı xətt davam edərsə, Bakının tələbləri getdikcə artacaq.

Ovanisyan daha sonra fikrini olduqca kəskin ssenari ilə əsaslandırmağa çalışıb:

“İndiki hakimiyyətin məntiqini davam etdirsək, Göyçə gölünün başqa dövlətdə və başqa ad altında olmasına hazır olmalıyıq. Buna hazırıqmı?”

Keçmiş XİN rəhbəri bu ssenarini təsdiqləyən konkret plan və ya rəsmi Azərbaycan tələbi göstərməyib. Sevan gölü Ermənistan ərazisində yerləşir və Ermənistan qanunvericiliyinə əsasən dövlət mülkiyyətidir.

Revanşist Ovanisyan buna baxmayaraq iddia edib ki, Ermənistan öz “hüquq və maraqlarını” daha sərt müdafiə etməzsə, Azərbaycan tələblərini genişləndirəcək və proses onun “sürünən işğal” adlandırdığı mərhələyə keçəcək.

Siyasətçinin fikrincə, Ermənistan hakimiyyətinin siyasəti elə vəziyyət yaradıb ki, tarix, ərazi, məhbuslar və digər mübahisəli məsələlər barədə İrəvanın irəli sürdüyü hər hansı tələb yeni müharibə təhlükəsi kimi qəbul edilə bilər.

Revanşist siyasətçi sülh naminə bütün məsələlərdə razılaşmağın davamlı sülh yaratmayacağını da iddia edib. Onun sözlərinə görə, indiki siyasət dəyişməzsə, Ermənistanı “çox pis illər” gözləyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью