Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Göygöl rayonunda növbəti monitorinq keçirilib.
Nümunəvi istehsal sahələrində aparılan qiymətləndirmədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 10-cu ərazi sektorunun müdiri Adil Vəliyev və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədarük və Təchizat ASC İdarə Heyətinin üzvü Elşən Məmmədov iştirak ediblər.
Rayonun iri fermer təsərrüfatlarına, intensiv meyvə bağlarına və tingçilik sahələrinə baxış keçirilib, müasir aqrotexniki üsulların tətbiqi, istehsalın təşkili və mövcud imkanlardan səmərəli istifadə məsələləri diqqət mərkəzində olub. Səfər zamanı kənd təsərrüfatı məhsullarının yalnız istehsalının deyil, onların saxlanılması, emalı və bazara çıxarılması imkanlarının genişləndirilməsi də müzakirə edilib. Bu məqsədlə yerli sahibkarlarla görüşlər keçirilib, soyuducu anbarların, emal müəssisələrinin və heyvanlar üçün karantin mərkəzinin yaradılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Monitorinq zamanı vurğulanıb ki, Göygöl rayonunun əlverişli təbii-iqlim şəraiti və mövcud aqrar potensialı kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün geniş imkanlar yaradır. Təsərrüfat rəhbərləri və mütəxəssislərlə aparılan müzakirələrdə məhsuldarlığın artırılması, istehsalın genişləndirilməsi, emal infrastrukturunun inkişafı və yeni iş yerlərinin yaradılması məsələlərinə xüsusi diqqət yetirilib.
Baxışın yekununda müəyyən edilmiş istiqamətlər üzrə işlərin davam etdirilməsi, mövcud imkanların daha dolğun dəyərləndirilməsi və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə bağlı aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri