Göygöldə Qərbi Azərbaycan İcması üzvləri ilə görüş

01.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Göygöl Rayon İcra Hakimiyyətində Qərbi Azərbaycan İcması rayon təşkilatının üzvləri ilə görüş keçirilib.

Toplantıda Qərbi Azərbaycan İcmanın Göygöl rayonu üzrə yeni nümayəndəsi Vüqar Sərdarov təşkilat üzvlərinə təqdim edilib. O, göstərilən etimadı sosial sifariş və yüksək məsuliyyət kimi dəyərləndirib, icma üzvlərinin birliyinin möhkəmləndirilməsinə və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışacağını bildirib.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi azərbaycanlıların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində ardıcıl, prinsipial və məqsədyönlü siyasət həyata keçirilir. Bu, təkcə tarixi ədalətin bərpası deyil, həm də soydaşlarımızın fundamental hüquqlarının təmin olunması baxımından mühüm milli məqsəddir.

Qeyd edilib ki, Qərbi Azərbaycanın zəngin tarixi, mədəni irsi, toponimləri və bu torpaqlardan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun beynəlxalq ictimaiyyətə çatdırılması dövlət siyasətinin vacib istiqamətlərindəndir. Bu həqiqətlərin cəmiyyətə, xüsusilə gənc nəslə dolğun şəkildə çatdırılması hər birimizin mənəvi borcudur.

Görüşdə icmanın təşkilatlanma durumu, rayon sakinləri arasında maarifləndirmə işinin gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və Qərbi Azərbaycan mədəni irsinin qorunması ilə bağlı məsələlər müzakirə olunub.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью