Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Təbriz özünün, Gəncə sənətinin Vətəni olmuşdu
Gəncədə bir Rövşən Behcət var idi… Onu yaşlı nəslin adamlarına uzun-uzadı təqdim etməyə ehtiyac yoxdur. Rövşən Behcət deyəndə onsuz da çoxunun yadına əvvəlcə onun ürəkləri ovsunlayan zil, cazibəli səsi düşəcək. Sonra “Göygöl” ansamblının konsertləri, toylar, məclislər göz önünə gələcək...15 il əvvəl avqustun 19-da dünyasını dəyişdi, sənəti isə həmişəlik bizimlə qaldı.
İllər keçdikcə adam qəribə bir şeyi anlayır: sən demə, bir şəhəri şəhər edən təkcə onun küçələri, binaları, parkları, çinarları deyilmiş. Həm də adamları imiş. Özü də elə adamları ki, bir vaxt onları hər gün görməyə, adlarını eşitməyə o qədər öyrəşirsən ki, nə zamansa olmayacaqları ağlına belə gəlmir. Rövşən Behcət də Gəncə üçün belə adamlardan idi.
…Rövşən Gəncəyə gələndə 16 yaşı vardı. Təbrizdə dünyaya göz açmışdı. Taleyin qəribə döngəsi onu ailəsi ilə birlikdə 1961-ci ildə Gəncəyə gətirmişdi. Əslində isə bu ailə üçün Gəncə yad şəhər deyildi. Atası repressiya illərinədək burada yaşamış, sonradan Təbrizə getmək məcburiyyətində qalmışdı. İllər sonra ailə yenidən Gəncəyə qayıtmışdı.
Əvvəl adi bir gənc kimi işləyir, oxuyurdu. Alüminium zavodunda çalışırdı. Amma içində bir səs vardı və o səs gec-tez özünə yol tapmalı idi. Tapdı da. Gənclərin məclislərindən birində oxudu. Bəyəndilər. Sonra zavodun bədii özfəaliyyət kollektivinə qoşuldu. Ardınca tədbirlər, festivallar, səhnələr gəldi. 1967-ci ildə “Dəşti” təsnifinin ifasına görə qızıl medal qazandı. Bir il sonra Ümumdünya Gənclər Festivalında seçilən ifaçılar sırasında yer aldı.
Sonra isə “Göygöl” gəldi. 1969-cu ildən Rövşən Behcətin sənət taleyi Fikrət Verdiyevin yaratdığı bu ansamblla bağlandı. O vaxtkı Gəncəni görənlər “Göygöl”ün şəhər üçün nə demək olduğunu yaxşı bilirlər. Bu ansamblın adı çəkiləndə onunla bərabər neçə-neçə sənətkarın adı yada düşür. Rövşən Behcət də onlardan biri, bəlkə də ən yadda qalanlarından idi.
“Göygöl” sıradan bir ansambl deyildi, şəhərin mədəni həyatının bir parçası idi. Onun konsertini gözləyirdilər, solistlərini tanıyırdılar. Rövşən Behcət də səhnəyə çıxanda artıq onu təqdim etməyə çox ehtiyac qalmırdı. Səsini tanıyırdılar. Çünki onun oxumağında qəribə bir nisgil vardı. Bəlkə Təbrizdən gəlirdi o nisgil, bəlkə Arazın o tayında qalan uşaqlıqdan, bəlkə də insanın öz taleyindən…
Bilmirəm. Amma Rövşən Behcəti dinləyəndə adama elə gəlirdi ki, oxuduğu mahnının sözlərini ilk dəfə məhz o yaşayır. Çünki mahnını, sadəcə, ifa etmirdi, onunla yaşayırdı. Rövşənin səsində qəribə bir doğmalıq vardı. Bunu musiqi terminləri ilə izah etmək fikrim yoxdur. Səsin diapazonundan, tembrindən danışmaq da olar. Amma adi dinləyici üçün bunların heç biri maraqlı olmaz. Adam onu eşidir və dinləmək istəyirdi. Vəssalam. Bəlkə əsl sənət elə budur.
Rövşən Behcət mahnını nümayiş etdirmirdi, oxuyurdu. Sakit, özünəməxsus şəkildə. Sözün üstünə çıxmadan, musiqini hay-küyə çevirmədən. Ona görə də bu gün köhnə lentlərdən onun səsini eşidəndə həmin ifalar köhnəlmiş təsiri bağışlamır. Əksinə, adam bir az dayanıb qulaq asmaq istəyir. Bəlkə buna görə “Göygöl”ü də, “Dilbər”i də, “Xatırla”nı da onun səsində eşidən adam üçün həmin mahnılar sonradan başqa səslə bir qədər fərqli gəldi. Onun bir çox mahnı, muğam və təsnifləri bu gün Azərbaycan Televiziyasının “Qızıl fondu”nda qorunur.
Amma məncə, Rövşən Behcətin əsl “Qızıl fondu” başqa yerdədir. Onu canlı dinləmiş adamların yaddaşında. Bir toyda, bir konsertdə, bir məclisdə səsini eşidənlərin xatirəsində. Köhnə kasetlərin cızıltısının arasında. Bir də Gəncənin yaddaşında…
Rövşən Behcət uzaqda, yalnız televizorda görünən sənətkar deyildi. Gəncədə yaşayırdı. Bu şəhərin küçələrində gəzir, adamları ilə salamlaşır, məclislərində iştirak edirdi. Bəlkə buna görə gəncəlilərin onunla bağlı xatirələri də çoxdur. Kimi bir toyda gördüyünü danışır. Kimi hansısa konserti xatırlayır. Kimi də sadəcə, Rövşən yaxşı oxuyurdu,- deyir.
İndi fikirləşəndə görürsən ki, bundan böyük qiymət də yoxdur. Çünki sənətkara verilən adlar, mükafatlar bir yerdə yazılıb qalır. İnsanların dilində qalan isə tamam başqa şeydir. 1993-cü ildən sonra Rövşən Behcətin həyatının başqa dövrü başladı. Səhhətində yaranan ciddi problem onu səhnədən uzaqlaşdırdı. Uzun illər oxuyan bir adam üçün bundan ağır nə ola bilərdi? Bir vaxt səhnəyə çıxırsan, qarşında yüzlərlə adam oturur, musiqi başlayır və hamı sənin səsini gözləyir. Sonra bir gün bunların hamısı dayanır.
Rövşən Behcətin sonrakı illəri daha sakit keçdi. Amma adamın səhnədən uzaqlaşması onun səsinin də yox olması demək deyilmiş. İllər sonra onun haqqında çəkilən sənədli filmə “Yorulmamışam” adı verilmişdi. Bu ad Rövşən Behcət haqqında çox şeyi deyirdi. Bəlkə də həqiqətən yorulmamışdı. Sadəcə, həyat başqa cür gətirmişdi.
2011-ci ilin avqustunda Rövşən Behcət 66 yaşında dünyasını dəyişdi. Onunla Gəncə Dövlət Dram Teatrında vidalaşdılar. Sonra bu şəhərin torpağına tapşırdılar. O vaxtdan illər keçib. Bu müddətdə Gəncə çox dəyişib. Yeni küçələr, yeni binalar, yeni məkanlar yaranıb. Yeni müğənnilər, yeni mahnılar gəlib. Həyat dayanmayıb. Amma keçmişin qəribə bir xasiyyəti var. Heç gözləmədiyin anda gəlib adamı tapır. Bəzən bunun üçün bir şəkil kifayət edir. Bəzən köhnə bir küçədən keçmək. Bəzən də bir səs…
Haradasa Rövşən Behcətin köhnə ifalarından biri səslənir və sən bir anlığa bu günü unudursan. Çünki o səsin içində təkcə Rövşən Behcət yoxdur. O illərin Gəncəsi də var. İndi həyatda olmayan adamlar var. Köhnə məclislər var. Gəncliyimiz var. Bəlkə də heç fərqinə varmadan ötüb keçdiyimiz günlər var.
Şirin yuxum olaydın,
Gözlərimə dolaydın.
Sənə laylay çalaydım,
Sən gecələr yatanda.
Axı bu ifanı, o yanıqlı səsi necə unudasan. Rövşən onu necə oxuyurdu!
İnsan yaşlandıqca anlayır ki, bəzi mahnılara qulaq asmasan da onları sadəcə xatırlamağın kifayət edir. Rövşən Behcətin səsi də çoxları üçün artıq belədir. Bu gün onun lent yazıları qalır, qorunur, adı çəkilir, xatirəsinə gecələr keçirilir. 2025-ci ildə Gəncə Dövlət Filarmoniyasında da sənətkarın xatirəsinə ayrıca gecə təşkil olunmuşdu. Deməli, unudulmayıb. Amma məncə, Rövşən Behcətin yaddaşlarda qalmasının ən yaxşı sübutu heç bu tədbirlər də deyil. Ən yaxşı sübut odur ki, üstündən bu qədər il keçəndən sonra onun adını çəkəndə Gəncədə hələ də kimsə söhbətə qoşulub deyir: -Mən onu görmüşdüm. Başqa biri deyir: - Mən onun oxumağına qulaq asmışdım…Və beləcə söhbət başlayır.
Bu cür sənətkarların ikinci ömrü bəlkə elə budur. Yəni onun haqqında danışan sonuncu adam qalana qədər yaşamaq. Rövşən Behcət də yaşayır. Köhnə lentlərdə, mahnılarda, onu görənlərin yaddaşında… Bir də Gəncənin yaddaşında. Mən bu yazıda bilərəkdən heç kimi danışdırmadım, vaxtilə onunla bir yerdə işləyən sənətkarlardan heç nə soruşmadım. Qorxdum. Elə bildim Rövşən haqqında keçmiş zamanda danışılanda onun ölümünə inanacağam ki, bunu da istəməzdim. Çünki bir vaxtlar bu şəhərdə bir Rövşən Behcət varıydı. Yaxşı oxuyurdu. Özünəməxsus oxuyurdu. Və ən əsası, onu sevirdilər. İllər keçib. Amma görünür, bəzi səslərin üstündən heç illər keçməyib və onlar beləcə yaşayır…
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri