Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir. Ölkəmizdəki peyk-şəhərlərdən biri də Cəlilabad rayonundakı Göytəpədir.
Burada qohumlarımgildə qonaq qalmışam və kiçik şəhərin özəlliklərinə bələd olmuşam. Bir çox sakinləri, parkı, bazarı, abidələri ilə tanışam.
Tarixi mənbələrə görə, bu yerin ilk adı Sibilcan yaylağı olub.
Rusiya imperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını ilhaq edəndən sonra bölgəyə Volqaboyundan 250 min nəfərdən çox rus köçürüb.
Onların bir hissəsi də Lənkəran qəzasının Astraxanbazar (indiki Cəlilabad) ərazisində yerləşdirilib.
Bu məntəqəyə kazak dəstəsinin başçısı Pristan Şilovun adına uyğun olaraq, Prişib adı verilib.
SSRİ dağılandan sonra gəlmələrin çoxu Rusiyaya köçüb getsə də, Göytəpədə rus üslubunda tikilmiş palıd evlərin çoxu durur.
Rus pravoslav kilsəsi də əsryarımdır ki, köhnə Bakı–Lənkəran yolunun qırağında qorunub saxlanır.