Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Lozanna Universitetinin alimləri göz dibinin adi fotosu əsasında torlu qişanın yaşını təyin edən və orqanizmin qocalma sürətini ölçən süni intellekt modeli hazırlayıblar. Mərkəzi sinir sisteminin bir hissəsi olan torlu qişa damarları birbaşa görünən yeganə zona olduğundan, bədəndəki iltihab, diabet və damar dəyişikliklərini dərhal əks etdirir.
70 mindən çox insanın göstəriciləri əsasında təlim keçən Sİ modeli torlu qişanın yaşını üç ildən az xəta ilə müəyyənləşdirir. Tədqiqatlar göstərib ki, torlu qişası real yaşından qoca görünən şəxslərdə yaxın 15 il ərzində ürək-damar, ağciyər xəstəlikləri, demensiya və xərçəng riski kəskin yüksəlir. Həmçinin qocalma əlamətlərinin cinslərdə fərqli təzahür etdiyi ortaya çıxıb: kişilərdə bu göstərici təzyiq və çəki ilə bağlı olduğu halda, qadınlarda daha çox tromboz riski və menopauza dövrünün hormon dəyişiklikləri ilə əlaqələnir.
Modelin rəng, parlaqlıq və damar sıxlığındakı mikroskopik detalları necə oxuduğu tam deşifrə edilməsə də, alimlər torlu qişa yaşının yalnız bir risk markeri olduğunu bildirirlər. Vaxtından əvvəl qocalmaya təsir edən ən böyük amillər sırasına isə siqaret istifadəsi, yüksək təzyiq və maddələr mübadiləsi pozuntuları daxildir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ