Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Göz sağlamlığı üçün A, C və E vitaminləri vacibdir.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Oftalmoloq Oksana Kuznetsovanın sözlərinə görə, A, C və E vitaminləri gözlərin normal fəaliyyətində mühüm rol oynayır. Bu maddələrin çatışmazlığı gecə görməsinin zəifləməsinə, göz quruluğu və yorğunluğuna, tor qişanın zədələnməsinə və kataraktanın inkişafına səbəb ola bilər.
Həkim bildirib ki, vitamin preparatları yalnız təsdiqlənmiş çatışmazlıq zamanı və mütəxəssis tövsiyəsi ilə qəbul edilməlidir. Xüsusilə A vitamininin həddindən artıq qəbulu təhlükəli ola bilər. Onun çatışmazlığı qaranlıqda görmənin pisləşməsinə və parlaq işıqdan sonra gözlərin daha gec uyğunlaşmasına səbəb olur.
C və E vitaminləri isə antioksidant xüsusiyyətlərə malikdir və tor qişanı oksidləşdirici stressdən qorumağa kömək edir. Bu vitaminlər sink, mis, lutein və zeaksantinlə birlikdə bəzi göz xəstəliklərinin müalicəsində istifadə olunan komplekslərin tərkibinə daxildir.
Mütəxəssis qeyd edib ki, belə preparatlar ümumi olaraq görməni yaxşılaşdırmaq üçün deyil, əsasən aralıq mərhələdə yaşa bağlı makula degenerasiyası diaqnozu qoyulmuş pasiyentlər üçün nəzərdə tutulur. Sağlam insanlara isə tibbi göstəriş olmadan bu cür komplekslər təyin edilmir.
Göz sağlamlığı ilə əlaqələndirilən məhsullardan biri də qaragilədir. Onun tərkibində C və E vitaminləri, beta-karotin, lutein, zeaksantin və antioksidant xüsusiyyətlərə malik antosianinlər var. Bəzi araşdırmalar bu maddələrin göz yorğunluğunun azalmasına və parlaq işıqdan sonra görmənin bərpasına müsbət təsir göstərə biləcəyini göstərir.
Həkim vurğulayıb ki, göz sağlamlığı üçün universal vitamin kompleksi mövcud deyil. Preparatın qəbuluna ehtiyac, onun tərkibi və dozası gözlərin vəziyyəti və müəyyən edilmiş vitamin çatışmazlığı nəzərə alınmaqla həkim tərəfindən müəyyən edilməlidir.
NURİYYƏ