Gözəllik yalnız görünüş deyil

09.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

9 sentyabr Beynəlxalq Gözəllik Günüdür

İnsan həyatında elə dəyərlər var ki, onları nə tərəzi ilə ölçmək, nə də hər hansı meyarla qiymətləndirmək mümkündür. Gözəllik də məhz belə anlayışlardandır. O, bəzən bir baxışda, təbəssümdə, xoş sözdə, mərhəmətli davranışda, bəzən isə insanın yaratdığı sənət əsərində, təbiətin möhtəşəm mənzərəsində və doğma Vətənə bağlılığında özünü göstərir. Sentyabrın 9-u – Beynəlxalq Gözəllik Günü bizə gözəlliyin yalnız zahiri görünüşdən ibarət olmadığını bir daha xatırladır.

Beynəlxalq Gözəllik Günü Beynəlxalq Estetika və Kosmetologiya Komitəsinin – CIDESCO-nun təşəbbüsü ilə 1995-ci ildən qeyd olunur. Təşkilatın əsası 1946-cı ildə Brüsseldə qoyulub. Komitənin fəaliyyətinin əsas istiqamətlərindən biri gözəllik və spa terapiyası sahəsində peşəkar standartların formalaşdırılması, təcrübə və bilik mübadiləsinin təşviq edilməsidir.

Bu əlamətdar günün yaranması da təsadüfi deyil. XX əsrdə kosmetologiya, estetika və gözəllik sənayesi sürətlə inkişaf etməyə başlayıb, insanın xarici görünüşünə qulluq mədəniyyəti yeni mərhələyə qədəm qoyub. Lakin zaman keçdikcə gözəllik anlayışının yalnız müəyyən zahiri ölçülərlə məhdudlaşdırılmasının doğru olmadığı daha aydın şəkildə qəbul edilib. Müasir dünyada fərdilik, özünəməxsusluq və insanın daxili zənginliyi gözəlliyin ayrılmaz hissəsi kimi dəyərləndirilir.

Əslində, gözəllik insanın yalnız simasında deyil, onun xarakterində və davranışındadır. Səmimiyyət, xeyirxahlıq, vicdan, mərhəmət və başqasının sevincinə sevinə bilmək insanı gözəlləşdirən ən qiymətli xüsusiyyətlərdir. Zahiri gözəllik zamanla dəyişə bilər, lakin yaxşı əməlin, xoş sözün və nəcib davranışın yaratdığı gözəllik yaddaşlarda uzun müddət yaşayır.

Bu baxımdan Beynəlxalq Gözəllik Gününün mənası kosmetik vasitələrə və estetik görünüşə diqqət yetirməklə məhdudlaşmır. Günün əsas mahiyyətində gözəlliyə daha geniş və humanist baxış dayanır. Təbiətin qorunması, incəsənətin yaşadılması, şəhərlərin və yaşayış məkanlarının gözəlləşdirilməsi, insan münasibətlərində mehribanlıq və qarşılıqlı hörmət də gözəllik anlayışının mühüm təzahürləridir.

9 sentyabr həm də insana özündə və ətrafında olan gözəlliyi görməyi xatırladan gündür. Çünki gözəllik yalnız baxılan deyil, həm də yaradılan bir dəyərdir. Bir insanın digərinə etdiyi yaxşılıq, bir sənətkarın yaratdığı əsər, bir müəllimin şagirdinə aşıladığı elm və mənəviyyat, bir valideynin övladına verdiyi sevgi – bütün bunlar həyatın görünməyən, lakin ən qiymətli gözəllikləridir.

Bəlkə də bu günün ən böyük mesajı budur: gözəllik insanı başqasından üstün edən deyil, onu həyata, insanlara və dünyaya daha çox bağlayan mənəvi dəyərdir. Həqiqi gözəllik isə insanın üzündəki təbəssümdən daha çox, ürəyindəki işıqda görünür.

Nurəngiz Adilqızı
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью