Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Qarabağ” və “Zirə” avrokuboklarda növbəti oyununu keçirdi. “Atlılar” Avropa Liqasında Bolqarıstanın ÇSKA komandası ilə heç-heçəyə razılaşdı, “qartallar” isə Estoniya səfərindən məğlub qayıtdı.
“Neftçi” ilə oyuna qədər klublarımızın davam edən uğurlu seriyası bu həftə qırıldı. Avropa səhnəsində növbəti duellərinə çıxan 4 komandadan yalnız “Sabah” qələbə qazandı. “Bayquşlar” Finlandiya təmsilçisi “KuPS”a minimal hesabla qalib gəldi. UEFA reytinqinə yeganə 0.250 xalı “futuristlər” yazdırdı. “Qarabağ”ın heç-heçəsi də əmsalı artırdı (Bərabərlik UEFA-da 0.175 göstərici ilə qeyd edilir.)
“Qarabağ”ın bolqarlara qarşı çətinlik çəkəcəyi gözlənilən idi. Oyunun böyük qismi bərabər səviyyədə keçdi. İkinci hissənin bəzi anlarında təmsilçimizi öz meydanına sıxan ÇSKA hücumlarda daha fəal idi. Sonlara yaxın isə “atlılar” təzyiqi artırdı. Xüsusilə matçın başa çatmasına az qala bir-iki epizod yaxalayan “Qarabağ” “çərçivə”yə düşə bilmədi. Cütün taleyi Bolqarıstanda həll olunacaq. Təmsilçimiz sofiyalılardan səviyyəcə daha üstündür və komandanın səfər oyunlarında daha yaxşı təsir bağışladığını nəzərə alsaq, mərhələ keçmək şansı yüksəkdir.
“Zirə”nin Estoniyadakı məğlubiyyəti isə gözlənilməz oldu. Rəşad Sadıqovun komandası ilk hissəni daha üstün oynadı, qol epizodları yaratdı. Fasilədən sonra isə rəqib oyuna diqtə etməyə başladı və təzyiqlər qolu gətirdi. “Qartallar”ın keyfiyyəti evdə mərhələ keçməyə imkan verir. Cavab matçında vacib məqam erkən qol vurmaq və rəqibi təzyiq altında saxlamaq vacib olacaq. Əks halda, estonların birinci fərqlənməsi işləri daha müşkülə sala bilər.
Şahin Cəfərov