Gözlərim yolda, qulağım səsdə, qalmayıb daha həvəs də ... Bakı sakinləri ictimai nəqliyyatın keyfiyyətindən narazıdır

27.01.2026

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Paytaxt sakinlərini narahat edən ciddi problemlərdən biri ictimai nəqliyyatla bağlı məsələlərdir. Müvafiq dövlət qurumlarının təmsilçiləri paytaxt yollarında tıxacı azaltmaq məqsədilə insanları zərurət olmadıqca şəxsi avtomobillərdən imtina edərək, daha çox ictimai nəqliyyatdan istifadəyə təşviq edir. Lakin Bakı sakinləri ictimai nəqliyyatın keyfiyyətindən narazıdır.

Bakı küçələrində ayrıca avtobus xətləri çəkilməsinə və şəhərə yeni avtobuslar gətirilməsinə baxmayaraq, problem həll olunmayıb. Sakinlər şikayətlənir ki, nəinki günün pik saatlarında, hətta adi vaxtlarda belə soyuqda, şaxtada uzun müddət avtobus tapa bilmirlər.

“Təkcə avtobus xətti çəkməklə iş bitmir. Xəttə buraxılan avtobusların sayı sərnişinlərin sayına adekvat deyil. İnterval o qədər çox olur ki, bəzən bir dayanacaqda pik saatlarda yox, adi vaxtda 30-35 nəfər sərnişin yığılır. Nəticədə avtobusda adamlar bir-birinin üstündə gedir. Belə sərnişindaşıma olur? Metroya səhər və axşamüstü pik saatlarında minmək mümkün deyil. Gərək 2-3 qatar buraxasan, sonra bəlkə minmək oldu. Avtobusların da sayı kifayət qədər deyil. Kifayət qədər olsa, vaxtında gəlsə, belə problem də yaşanmaz”, - kənd Əhmədlidə yaşayan Yaşar Quliyev Bizimyol.info xəbər portalının əməkdaşı ilə söhbətində bildirib.

Kəmalə Əliyeva da paytaxtın ictimai nəqliyyatından narazı olan sakinlərindəndir. Onun sözlərinə görə, yanvarın 26-da saat 16.00 radələrində Azadlıq prospektində, Azərbaycan Cüdo Federasiyasının qarşısındakı dayanacaqda 1 saata yaxın avtobus gözləyib: “Bu cür şaxtalı havada 85 nömrəli avtobusu 1 saata yaxın gözləmişəm. Avtobus gələndə də tam dolu vəziyyətdə idi, minmək mümkün deyildi. Belə vəziyyət təkcə bu gün deyil. Demək olar ki, hər gün eyni marşrutla bağlı əziyyət çəkirəm. Bir az gec olanda – adamların işdən çıxan vaxtı lap ağır olur”.

Sərnişin qeyd edib ki, bu marşrut xətti “Xaliq Faiqoğlu” şirkətinin tabeliyindədir. Onun sözlərinə görə, dəfələrlə avtobus problemi ilə üzləşdiyindən şirkətin internetdəki telefon nömrəsinə zəng etmək qərarına gəlib. Lakin məlum olub ki, həmin nömrə işlək deyil.

Bizimyol.info da qeyd olunan nömrə (012 430 85 85) ilə əlaqə saxlamağa cəhd edib. Lakin cəhdlər nəticə verməyib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью