Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son vaxtlar bir çox insan gözlərini tez-tez ovuşdurduğunu deyir. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu vərdiş bəzən ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər və gözlər üçün təhlükə yarada bilər.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, gözlərin tez-tez ovuşdurulmasının ən yayğın səbəbləri allergiya, göz quruluğu, yorğunluq və uzun müddət ekran qarşısında qalmaqdır. Xüsusilə mövsümi allergiyası olan şəxslərdə qaşınma hissi güclənir və bu da refleks olaraq gözlərin ovuşdurulmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, göz quruluğu da bu vərdişin əsas səbəblərindən biridir. Kondisionerli mühitlər, telefon və kompüterdən uzun müddət istifadə göz yaşının azalmasına gətirib çıxarır. Nəticədə insan rahatlamaq üçün gözlərini ovuşdurur.
Lakin oftalmoloqlar bu vərdişin zərərsiz olmadığını vurğulayırlar. Çirkli əllərlə gözə toxunmaq infeksiya riskini artırır və konyunktivit kimi iltihabi xəstəliklərə yol aça bilər. Bundan əlavə, gözlərin tez-tez və güclü ovuşdurulması buynuz qişanın zədələnməsinə, görmənin zəifləməsinə və bəzi hallarda keratokonus kimi ciddi problemlərin yaranmasına səbəb ola bilər.
Xüsusilə uşaqlarda və yeniyetmələrdə bu vərdişə diqqət yetirilməsinin vacibliyi qeyd olunur. Həkimlər xəbərdarlıq edirlər ki, davamlı göz ovuşdurma gələcəkdə görmə ilə bağlı problemlərin əsasını qoya bilər.
Mütəxəssislər gözlərdə qaşınma və narahatlıq tez-tez təkrarlanarsa, özbaşına tədbirlər görmək əvəzinə həkimə müraciət etməyi tövsiyə edirlər. Göz damcılarının yalnız həkim məsləhəti ilə istifadə olunması, ekran qarşısında fasilələrin verilməsi və gigiyenaya diqqət yetirilməsi əsas qoruyucu tədbirlər sırasında göstərilir.
Asya
Milli.Az