Gözü yolda qalanlar var ...

29.06.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onu uşaqlıqda görmüşəm. Həm qohum, həm də çəpər qonşusu idik. Aramızda xeyli yaş fərqi vardı. Ancaq Əsgərin uşaqlığını aydın xatırlayıram. Yaddaşımdadır. Dolu, şirin uşaqdı, tay-tuşları ilə bütün günü iki çəpərin arasında qaçışır, futbol oynayır, hərdən də güləşirdilər. Bir hay-küy qopurdu, gəl görəsən.

Böyük qardaşı Cahangiri daha çox xatırlayıram. Mən yay ayları məzuniyyət dövründə kəndə gələndə görüşürdük, hərdən harasa buyururdum. Rahat, üzüyola, arıq uşaq idi. Həm də mən də, Əsgər də, Cahangir də kəndin ən böyük, sayılıb-seçilən tayfalarından birinin – İsakoxaların davamçılarıydıq. Əsgər də, Cahangir də ulu babamız İsa koxanın sonbeşiyi Əsgər kişinin nəvələri, Temrazın (İsmayılın) balaları idilər. Temraz böyük oğluna müharibədə həlak olmuş qardaşı Cahangirin, kiçik oğluna isə atası Əsgər kişinin adını qoymuşdu.

Mən körpəliyimdə, təxminən 4-5 yaşım olanda Əsgər İsaoğlunu görmüşdüm. Hündürboyu, alagözləri, möhkəm bədəni, çənəsinin hər iki tərəfindən sallanan uzun bığları vardı. Başını həmişə ülgüclə keçəl qırxdırardı. Atası İsa koxa varlı ailədən olduğu üçün (o illərdə əsgərliyə ancaq varlı ailədən olan gənclər aparılırdı) gəncliyində rus-türk müharibəsində iştirak etmişdi.

Müharibənin gedişində “su, su” istəyən yaralı türk zabiti ilə üzbəüz qalmış, onun yaralarını sarıyaraq təhlükəsiz əraziyə çıxarmışdı. Beş-altı dəqiqəlik söhbətdən sonra yaralı türk zabiti Mehmed İsaya ünvanını vermişdi. İsa Qurbanoğlu müharibədən qayıtdıqdan bir müddət sonra Türkiyəyə səfəri zamanı Mehmed bəyi arayıb-axtarmış, onun Anadoludan xidməti işi ilə əlaqədar Qarsa gəlmiş ailə üzvləri ilə yaxından tanış olmuşdu.

Beləliklə, İsa ilə Mehmed bəyin ailəsi doğmalaşmış, gediş-gəliş artmışdı. Məlum olmuşdu ki, Mehmed bəyin beş qardaşı və bir bacısı var. Mehmed bəy ailənin sonbeşiyidir. Dostluq, qardaşlıq o dərəcəyə çatmışdı ki, İsa Qurbanoğlu altı qardaşın yeganə bacısı olan Fatma xanımla ailə qurmuşdu. Onların Məmməd, Əhməd, Qurban, Binnət, Əsgər adında beş oğlu, Zöhrə, Xanım, Söylü, Pəri və Gülara adında beş qızı olmuşdur.

Xatirimdədir, Əsgər İsaoğluna kənddə Dəli Əsgər deyirdilər. Hələ uşaqlıqda atam Qoca Binnətoğlundan əmisinə niyə dəli deyildiyini soruşmuşdum. Atam deyirdi ki, Əsgər əmim dəli deyildi, o, pəhləvan cüssəli, vurub-tutan, igid bir gənc olduğu üçün onu uşaqlığından belə çağırırmışlar. Həm də çox yaraşıqlı kişi idi. Ağsaqqalların dediyinə görə, Əsgər kişinin belə yaraşıqlı olması daha çox ana tərəfə çəkməsi ilə bağlı idi. Fatma xanım ortaboylu, çox gözəl, xeyirxah qadın, qardaşları isə yaraşıqlı, boylu-buxunlu, döyüşkən kişilər olublar.

Tayfanın yaşlı nümayəndələrindən olan Kərəm Məmmədoğlu danışırdı ki, Əsgər İsaoğlu Türkiyəyə, altı dayısı və nənə-babaları ilə görüşə tez-tez gedərmiş. Hətta sərhədlərin bağlı olduğu dövrlərdə belə Ağbabadan gizli yollarla Türkiyəyə keçər, qohumlarını ziyarət edərmiş. O, altı qardaşın sonuncusu Mehmed bəylə daha mehriban, daha yaxın imiş.

Təəssüflər olsun ki, sonralar qohumlarla əlaqələr tamam kəsilmişdir. Sovet hakimiyyətinin ilk illərində tayfanın nümayəndələri daim basqı altında olduqlarından qohumluğu davam etdirə bilməmişlər. Hətta o da yadıma gəlir ki, böyüklərimiz zarafatla, ya da ciddi şəkildə söyləyirdilər ki, İsa koxa hələ sağlığında var-dövlətini oğlanları arasında bölüşdürmüşdü. Əsgər kişi sonbeşik olduğundan bir az ərköyün imiş. Əvvəl özünün, sonra da qardaşlarının paylarını yeyib-dağıtmışdı. Özü də bunu qohum-qardaş zarafatla danışardı.

Tayfanın tarixi haqqında bu qısa məlumatı vermək də məqsədim vardır. Əsgər də, Cahangir də belə bir tayfanın, nəslin nümayəndəsi idilər. Doğma Körpülüdə Temraz (İsmayıl) Əsgər oğlunun ocağında xoşbəxt yaşayırdılar. Ataları Temraz (İsmayıl) sakit, rahat adam idi. Sürücü işləyir, ailəsini dolandırırdı. Həyat yoldaşı Laçın Eminqızı sovxozda çalışırdı. Zəhmətkeş, öz tüklərinin üstündə yaşayırdılar. Temrazın (İsmayılın) anası Aşa nənə Borçalıdan, Sadaxlı obasından idi. Əsgər kişinin mürəkkəb xasiyyəti vardı, qohumlar deyirdilər ki, Aşa qarı imiş ona dözən. Bəzi məqamları xatırlayıram, böyüklərin söhbətləri də yadımdadır.

Əsgəri də, Cahangiri də, bacılarını da Aşa nənəm saxlayırdı. Çox gözü tox, xeyirxah qadın idi. Ata-ana işdə olduğundan uşaqlara o baxırdı. Nədənsə mən həmişə elə bilmişəm ki, Temrazın (İsmayılın) bir qızı var. Sən demə, üç qız övladı varmış. Cahangir də, Əsgər də yaxşı yadımdadır. Ancaq Natavan, Aşa, Təranə barədə məlumatım çox az olub. Aydın xatırlaya bilmirəm. Mən ötən əsrin 70-ci illərindən Bakıda yaşadığımdan, doğma Körpülüyə ildə bir-iki dəfə getdiyimdən qızları demək olar ki, görməmişəm. Yadıma bir hadisə düşdü. Bağımızda atamla işləyirdik. Qonşu həyətdən Laçın Emin qızının alçaqdan səsi gəlirdi. Deyəsən, balaca oğlu Əsgəri çimizdirirdi. “...Yumru, yumru qayalar yastığıdır, çobanın, yanındakı boz köpək...”. Ancaq bizim qulaq asdığımızı görən kimi səsini kəsdi.  Dünən axşam Moskva televiziyası ilə keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarının ailə ansambllarının konsert müsabiqəsi gedirdi. Bakıdan bir ailə çox gözəl çıxış etmişdi. Özü də Laçın Eminqızının oğluna zümzümə etdiyi müsiqi nömrəsi ilə çıxış etmişdilər. Bu müsiqi bir müddət biz tərəflərdə çox populyar olmuşdu. Bax, belə bir şəraitdə  Temraz (İsmayıl) Əsgər oğlunun ailəsi də digər həmvətənləri kimi doğma elində - dinimiz, imanımız Körpülüdə rahat yaşayırdılar. Böyüklər işində, övladlar dərsləri ilə məşğul idilər.

1988-ci ildə mənfur Ermənistan hakimiyyəti keçmiş SSRİ rəhbərliyinin, o cümlədən Mixail Qorboçovun şəxsi iştirakı ilə qədim yurd yerimizdən, indi Ermənistan adlanan Qərbi Azərbaycandan azərbaycanlıları sıxışdırmağa başladılar. Əvvəl Azərbaycan əhalisindən ov tüfənglərini belə yığışdırdılar. Guya azərbaycanlılar erməniləri qıracaqlar. 300 mindən çox əhalini zorla dədə-baba torpaqlarından qovdular. Onlarla ölənlər, itgin düşənlər, yaralananlar, əsir götürülənlər oldu. Evlər yağmalandı, talan edildi, yandırıldı. “Qızıl Moskva” isə susdu. Günahkar kimdir? Azərbaycanlılar! Həmin dövrdə Körpülü sakinlərinin zorla qovulması barədə yazdığım yazını Bakıda, heç bir mətbuat orqanı çap eləmədi. Mən bu hadisələrin canlı şahidiyəm. 1988-ci ilin noyabr ayının 29-da kəndimizdəydim. Aləm bir-birinə qarışmışdı.

Sonra Qarabağdan, ətraf rayonlardan azərbaycanlılar vəhşicəsinə qovuldu. Xocalı, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Kəlbəcərin Ağdaban və digər yerlərdə soyqırımlar, qətliamlar törədildi, şəhərlərimiz, kəndlərimiz darmadağın olundu. İşə bir bax! Bütün bu proseslər dünyanın gözü qarşısında baş verdi. Hansı məmləkətə gedirdin, günahkar bizik, torpaqlarımızı verməliyik, vəssalam. Yoxsa, bizi Xəzər dənizinə tökəcəklər. Moskva, başda gorbagor Qorbaçov olmaqla ikibaşlı oyun-oynayırdı.

Temraz (İsmayıl) Əsgər oğlunun ailəsi də digər körpülülər kimi elindən-obasından perikdi. Azərbaycana, Ağstafa rayonunun Pirili kəndinə pənah gətirdilər. Körpülünün az bir hissəsi burada yenidən yuva qurdular və yaşamağa başladılar. İnsafən burda yaxşı şərait yaradılmışdı. Körpülü camaatı zəhmətkeş insanlardır. Rahat evlər tikdilər, həyatyanı sahədə gözəl bağ-bağat saldılar. İndi az qala bütün Azərbaycan bilir ki, şaftalı Körpülü elinin simvoludur. Hər qapıda bir-birindən dadlı, ləzzətli, xüsusi olaraq Körpülü şaftalısı əkdilər. Tinglər yetişdirib ətraf kəndlərə satdılar. Qazaxda, Tovuzda, Şəmkirdə, Samuxda, Göygöldə, hətta Borçalıda da Körpülü şaftalısını tanıdıqlarından bu ərazilərdə meyvə tingləri tez yayıldı. Sonra başqa bölgələrə keçdi. Xaçmazda, Qubada, Şabranda və digər ərazilərdə əkildi.

Pirili kəndinə pənah gətirən körpülülər kəndin az bir hissəsini əhatə etsə də, burada bir Körpülü ruhu var. Elini-obasını itirmiş insanlar Körpülüyə məxsus adət-ənənələri, özünəməxsus mətbəxi yaşada bilirlər. Balaca Körpülü deyək, bu yerlərə. Körpülü əhli öz əkinində, biçinində idi. Ermənistan - Azərbaycan münaqişəsi sərhədləri aşdı, Qarabağ və ona bitişik ərazilər də işğal olundu. Ölkədə qaçqınların, köçkünlərin sayı bir milyonu ötdü. Yüzlərlə azərbaycanlı gənclər ölkəni qorumaq üçün Azərbaycan Ordusuna yazılmağa başladılar. Qazax–Ağstafa istiqamətində də ağır döyüşlər gedirdi. Döyüşçülər sırasında Körpülü Əsgər Temraz (İsmayıl) oğlu İsayev də vardı. Vəziyyət getdikcə çətinləşirdi.

Sıravi Əsgər Temraz (İsmayıl) oğlu İsayev haqqında bir şəxsi tanıtıma ehtiyac hiss edirəm. Fikrimcə, belə olsa, daha yaxşı olar. O, 1974-cü ildə Qərbi Azərbaycanın Yuxarı Körpülü kəndində sadə kəndli ailəsində dünyaya gəlmişdi. Körpəliyini və məktəb illərinin bir hissəsini doğma Körpülüdə keçirmişdi.

1988-ci ildə ailəsi ilə birlikdə Akstafa rayonunun Pirili kəndində məskunlaşmışdılar. Əsgər orta məktəbi Pirili kənd orta məktəbində  bitirmişdi. Digər gənclər kimi arzuları vardı. Hələ hər şey qabaqda idi. Lakin hər şey yarımçıq qaldı. Getdikcə güclənən Azərbaycan-Ermənistan müharibəsi onun arzularının, xəyallarınının gerçəkləşməsinə imkan vermədi. Erməni işğalçıları bütün istiqamətlərdə kəndlərimizə hucumlar edir, insanlarımızı öldürür, əsir götürürdü. Qazax, Ağstafa sərhədləri boyunca da gərginliklər günü-gündən artırdı. Məhz belə bir şəraitdə gənclərimiz Vətənin müdafiəsinə qalxmışdılar. Əsgər İsayev də 1992-ci ilin iyul ayının 7-də hərbi xidmətə çağrıldı. Qazax-Ağstafa istiqamətində döyüşlərə qatıldı. Diribaş, intizamlı, döyüş tapşırıqlarını uğurla yerinə yetirən gənc Əsgər komandirləri tərəfindən daim təşəkkür alırdı. Silahdaşlarının dediklərinə görə, o, xidməti vəzifələrinə vicdanla, ləyaqətlə yanaşırdı. 

31 dekabr 1992-ci ildə Qazax-Ağstafa istiqamətində ağır döyüşlər başlamışdı. Erməni işğalçıları sərhədboyu kəndlərimizi ələ keçirmək istəyirdilər. Ancaq əsgərlərimiz və yerli müdafiə qüvvələri düşmənə ağır zərbələr vururdular. Belə döyüşlərin birində iştirak edən Əsgər İsayev ağır yaralanır. Yoldaşları onu döyüş bölgəsindən çıxarmağa çalışırlar. Lakin o razılaşmır, yaralı halda döyüşü davam etdirir. Bu döyüş, həm də Əsgərin son döyüşü olur. Ağır döyüşlərdən sonra sakitlik yaranır. Döyüş yoldaşları onu axtarmağa başlayırlar. Təəssüflər olsun, onun nə ölüsünə, nə də dirisinə rast gəlinmir. Ermənilər tərəfindən əsir götürülüb, ya da da itgin düşüb, bilinmir.

Artıq 34 ildir Əsgər İsayevdən xəbər-ətər yoxdur. Müxtəlif söhbətlər yayılıb, gah deyiblər onu erməni əsirliyində yaralı halda görən olub və s. Ancaq böyük qardaşı 1967-ci il təvəllüdlü Cahangir Əsgərin taleyinə biganə qalmayıb, qardaş sevgisi onu müxtəlif yollara əl atmağa məcbur edib. Qapılar döyüb, Gürcüstanın Ermənistanla sərhəd olan kəndlərin tanış sakinlərindən qardaşının taleyi ilə bağlı məlumat almağa çalışıb. Elə İsayevlər ailəsi üçün növbəti faciə də buradan başlayıb. Əsgərin erməni əsirliyində olması, Noyemberyan – İcevan rayonları ərazisində saxlanılması barədə xəbərlər qardaşı Cahangiri sevindirib, balaca qardaşını xilas edəcəyinə ümid edib və yorulmadan gecə-gündüz  axtarışa çıxıb. Təsadüfən bacanağı Məmməd Məmmədovla birlikdə onlarla əvvəldən tanışlığı olan erməni ilə Borçalının Sadaxlı kəndində rastlaşıblar. Erməni tanışı  onlara söz verir ki, Əsgəri axtaracaq, nəsə öyrənə bilsə, xəbər göndərəcək. Yenə də erməni hiyləsi. Aradan bir az keçmiş Cahangir və bacanağına xəbər göndərir ki, Əsgəri tapmışam, sizi bir neçə dəqiqəlik görüşdürə bilərəm, əvəzində nə olacaq, görüşdən sonra deyərəm. Qardaş sevgisi Cahangiri və bacanağını Sadaxlı kəndininin yaxınlığından Ermənistana, çayın o tayında yerləşən Ləmbəli və Ptqavan ərazisinə keçməyə vadar edir. Onu da qeyd etmək lazımdır ki, Esmira Quliyevanın Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarına əsasən, 2006-cı ildə çap olunmuş “Bizi əsirlikdən qurtarın” kitabında bu hadisə barədə də məlumat verilmişdir.

Və beləliklə, nə Cahangir, nə də onu müşayiət edən bacanağı bu görüşdən qayıtmır. Erməni hiyləsi Temraz (İsmayıl) Əsgər oğlunun ocağını başsız qoyur. Əsgəri itirən İsayevlər ailəsi Cahangiri də itirir. Cahangirin də ailəsi başsız qalır, iki körpə qızı atasız, əmisiz böyüyürlər. Ailədə faciə bununla bitmir. Ata oğullarının itgin düşməsindən sonra ağır xəstəlikdən dünyasını dəyişir. Bacıları Natavan və Aişə (Aşa) də dünyadan vaxtsız köçürlər. Hər iki bacı ailəli olsalar da, heç birinə övlad sevinci qismət olmayıb. Yalnız Təranə 2 oğul, 1 qız anasıdır. Böyük faciə yaşayan Laçın Eminqızı hazırda Pirili kəndində tək yaşayır. Cahangirin həyat yoldaşı Sürəyya Bakıda yaşayır. Aysel və Günel adında 2 qızı var. Hər ikisi də ailəlidir. Ayselin Aysu, Mənzər; Günelin Mələk, Həyat adında qızları var.

Laçın Eminqızı da, Cahangirin ailəsi də hələ də ümidlərini üzməyiblər. İnanırlar ki, bir gün Əsgərdən də, Cahangirdən də xəbər olacaq. Mən də günlərin bir günü xəbər çıxacağına inanıram!

Təəssüflər olsun ki, hələ də gözləri yol çəkən və hər an xəbər gözləyən anaya, bacıya, həyat yoldaşına, balalara, nəvələrə deyiləsi, söyləyəsi bir söz yoxdur.

Qoy Uca Allah özü bu iztirab işində yaşayan ailənin köməyi olsun! Amin!

Elşad QOCA,

Bakı şəhəri, 18 iyun 2026-cı il.

P.S. Əsgərin ağır döyüşlərdən sonra yaralı halda itgin düşməsi, qardaşı Cahangirin onu axtarması və erməni hiyləsi nəticəsində Ermənistana aparılması və qayıtmaması barədə xəbəri eşidəndə mən də yaxın qohum, yaxın qonşu kimi dəhşətə gəldim. Əsgərin və Cahangirin foto-şəkillərini və haqlarında qısa məlumatı hələ o vaxtlar yenicə yaranan Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına, dünyalarını dəyişmiş Xaqani Bağırova, İbrahim Hüseynova təqdim etmişdim. Allah hər ikisinə də rəhmət eləsin. Sonralar Komissiyanın digər əməkdaşları ilə də, o cümlədən aidiyyəti qurumlarla da əlaqə saxlayır, Əsgər və Cahangir İsayevlər haqqında məlumat almağa çalışırdım.

Bu gün Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən kompleks tədbirlər davam etdirilir. Ümid edirik ki, Əsgər və Cahangir İsayevlər, eləcə də digər itgin düşmüş vətəndaşlarımız barədə xəbərlər olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью