Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
30 Avqust Beynəlxalq İtkin Düşənlər Günüdür
Hər il avqustun 30-da Beynəlxalq İtkin Düşənlər Günü qeyd olunur. 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının təsis etdiyi bu gün dünyanın müxtəlif bölgələrində münaqişələr, silahlı qarşıdurmalar, zorakılıq, təbii fəlakətlər və digər səbəblər nəticəsində taleyi naməlum qalan insanların xatırlanmasına, onların ailələrinin yaşadığı ağrının cəmiyyətə çatdırılmasına xidmət edir. Beynəlxalq humanitar hüquq da itkin şəxslərin taleyi barədə məlumat almaq haqqını mühüm prinsip kimi tanıyır. Bu gün minlərlə ailənin uzun illərdir davam edən gözləntisi, cavabsız sualları və həqiqət axtarışı bir daha gündəmə gətirilir.
İnsan üçün ən ağır dərd yaxınını itirməkdir. Doğmasının öldüsündən, qaldısından xəbər ala bilməmək isə daha dözülməzdir. İtkin düşmüş şəxsin ailəsi nə vidalaşa, nə də qəti cavab ala bilir. Hər itkin şəxsin arxasında illərlə yolunu gözləyən ana, ata, həyat yoldaşı, övlad, bacı-qardaşı var. İtkin düşmüş şəxslərin ailələri üçün zaman sanki, dayanır. İllər keçir, nəsillər dəyişir, lakin “onun taleyi necə oldu?” sualı cavabsız qalır..
İtkinlərin axtarılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi humanitar fəaliyyətin əsas istiqamətlərindəndir. Burada arxiv sənədlərindən, şahid ifadələrindən, antropoloji və kriminalistik məlumatlardan, DNT analizlərindən, məhkəmə-tibbi ekspertizadan və digər müasir texnologiyalardan istifadə edilir. Bu prosesdə beynəlxalq təcrübə də mühüm əhəmiyyət daşıyır. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, ölkəmizdə, təxminən 4 min itkin şəxsin taleyinin aydınlaşdırılması ilə bağlı iş aparılıb və ailələrdən minlərlə bioloji istinad nümunəsi toplanaraq identifikasiya prosesinə dəstək göstərilib.
Silahlı münaqişələr zamanı itkin düşmüş insanların taleyi barədə məlumatın müəyyənləşdirilməsi üçün dövlətlər, silahlı qüvvələr və digər tərəflərin mümkün tədbirlər görməsi Beynəlxalq humanitar hüququn əsas yanaşmalarından biridir.
Mühüm vəzifələrdən biri də itkinlərin taleyinin müəyyənləşdirilməsi prosesində beynəlxalq əməkdaşlığın davam etdirilməsidir. Xüsusilə kütləvi məzarlıqların yerləri, dəfn faktları və mina sahələri barədə məlumatların əldə olunması axtarış və identifikasiya işlərinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Xarici İşlər Nazirliyinin 2026-cı ilin iyununda açıqladığı məlumatda da bu məsələlərin əhəmiyyəti vurğulanıb.
Ölkəmizdə bu istiqamətdə aparılan işlər son illər daha sistemli xarakter alıb. 2026-cı il iyunun 30-da Bakıda Beynəlxalq İtkinlər Komissiyası ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq konfransda itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Müasir yanaşmalar itkin düşmüş şəxslərin axtarılması, məzar yerlərinin müəyyənləşdirilməsi, ekshumasiya və DNT analizi ilə eyniləşdirilməsi prosesində qabaqcıl texnologiyaların və yeniliklərin öyrənilməsinə şərait yaradır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yalnız ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq ictimaiyyətin qarşısında duran mühüm humanitar məsələlərdəndir. Bu istiqamətdə beynəlxalq təşkilatlar, xüsusilə BMT–nin məqsədyönlü və sistemli strategiyanı müəyyənləşdirməsinə ehtiyac var.
Azərbaycan xalqı, xüsusilə də itkin düşmüş şəxslərin ailələri 1988-ci ildən etibarən bu ağır problemin doğurduğu iztirablarla yaşayır. İnsanların itkin düşməsinə səbəb olan halların qarşısının alınması, itkin şəxslərin taleyinin müəyyən edilməsi və ailələrin hüquqlarının qorunması üçün beynəlxalq humanitar hüquq normalarına əməl olunması və müasir yanaşmaların tətbiqi vacibdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu artıq 33 ildir ki, bu istiqamətdə fəaliyyət göstərir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 mindən artıq vətəndaşımızın itkin düşdüyünü və son illərdə onlardan yalnız 226 nəfərinin taleyinin müəyyən edildiyini nəzərə alsaq, qurumun fəaliyyətinin bundan sonra da davam etdirilməsi, onun imkanlarının genişləndirilməsi zəruridir.
Son illərdə işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların tədqiqi itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi baxımından yeni imkanlar yaradıb. Aşkarlanan qalıqların şəxsiyyətinin müəyyən edilməsi üçün DNT analizlərindən, müasir kriminalistika və digər elmi-metodoloji üsullardan istifadə olunur.
Problemin digər mühüm tərəfi itkin düşmüş şəxslərin ailələrinə göstərilən sosial və psixoloji dəstəkdir. Çünki yaxınlarının taleyindən xəbərsiz qalmaq ailələr üçün uzunmüddətli mənəvi-psixoloji sarsıntı yaradır. Buna görə də axtarış və identifikasiya tədbirləri ilə yanaşı, ailələrin sosial və psixoloji ehtiyaclarının qarşılanması da diqqətdə saxlanılmalıdır.
İtkinlərin taleyi həm də tarixi yaddaş məsələsidir. Müharibələrnin nəticələri illər, hətta onilliklər sonra insanların həyatında özünü göstərir. Bu baxımdan Beynəlxalq İtkin Düşənlər Günü cəmiyyətə mühüm mesaj verir: itkin insan unudulmuş insan demək deyil. Azərbaycan üçün bu gün həm də şəhid və itkin ailələrinin keçdiyi uzun və ağrılı yolun xatırlanmasıdır. İllər keçsə də, itkinlərin axtarışı davam etməlidir.
Mustafa KAMAL
XQ