Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-si Azərbaycan təqvimində xüsusi məna daşıyan günlərdən biridir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə fevralın 2-si “Azərbaycan Gəncləri Günü” kimi təsis edilib. Bununla da Azərbaycan MDB məkanında və Şərqi Avropada gənclərə həsr olunmuş rəsmi gün elan edən ilk dövlət kimi tarixə düşüb. Bu qərar dövlətin gələcəyini gənclərin simasında görən uzaqgörən siyasətin bariz ifadəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O xatırladıb ki, Ulu Öndər Heydər Əliyev gəncləri “xalqın gələcəyi”, “Azərbaycanın genofondu”, “müstəqilliyin təminatçısı” adlandırırdı. Ümummilli Liderin fikrincə, gənclər həm fiziki cəhətdən sağlam, həm yüksək biliyə, əxlaqa, tərbiyəyə və dünyagörüşünə malik olmalı idilər. Məhz bu yanaşma gənclərlə işi dövlət siyasətinin prioritet istiqamətinə çevirib.
“Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və gənclərlə bağlı mühüm institusional addımlar atıldı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi, “Qızıl kitab”ın təsis edilməsi, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi vahid məqsədə - savadlı, vətənpərvər, təşəbbüskar gənclik formalaşdırmağa xidmət edirdi. Eyni zamanda, minlərlə gəncin xaricdə təhsil alması üçün şərait yaradıldı, yüksək nəticə göstərən tələbələrlə şəxsən görüşlər keçirildi, Prezident təqaüdləri təsis olundu.
Ulu Öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir və zənginləşdirilir. 2007-ci ilin “Gənclər ili” elan olunması, Azərbaycan Respublikasının Gənclər Fondunun yaradılması, ölkə üzrə “Gənclər evi” şəbəkəsinin genişləndirilməsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyətə başlaması, “Yüksəliş” müsabiqəsi, “Gənclər üçün Prezident mükafatı”, Könüllülük hərəkatının geniş vüsət alması gənclərin potensialının üzə çıxarılmasına yönəlmiş ardıcıl addımlardır”, - deyə deputat əlavə edib.
V.Qafarov, həmçinin bildirib ki, bu siyasətin real nəticələri xüsusilə Vətən müharibəsi dövründə aydın şəkildə özünü göstərdi. Ön cəbhədə döyüşənlərin, qəhrəmanlıq göstərərək tarix yazanların böyük əksəriyyəti məhz müstəqillik dövründə formalaşmış Azərbaycan gəncləri idi. Eyni zamanda, informasiya müharibəsində sosial şəbəkələrdə fəal mövqe sərgiləyən, həqiqətləri dünyaya çatdıranlar da gənclər oldu. Bu, vətənpərvərlik ruhunun, milli şüurun və dövlətə bağlılığın bariz göstəricisi idi.
“Müasir dövrdə Azərbaycan gəncliyi yalnız hərbi və vətənpərvərlik sahəsində deyil, elm, təhsil, innovasiya, robototexnika, idman, mədəniyyət, könüllülük və beynəlxalq təmsilçilik istiqamətlərində də böyük uğurlar əldə edir. Dövlət proqramları, beynəlxalq təhsil imkanları, düşərgələr, forumlar, intellektual yarışlar və sosial layihələr minlərlə gəncin inkişafına xidmət edir. Gənclər bu imkanlardan yararlanaraq həm özlərini inkişaf etdirir, həm də ölkənin tərəqqisinə töhfə verirlər.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir”. Azərbaycan gəncliyi dövlətin yaratdığı imkanlardan istifadə edərək milli dəyərlərə sadiq, dünyagörüşlü, savadlı və təşəbbüskar vətəndaşlar kimi formalaşır. Bu gün gənclərə göstərilən diqqət və qayğı onların üzərinə böyük vəzifələr qoyur: dövlətə sədaqət, milli dəyərlərə bağlılıq, bilik və bacarıqla ölkənin gələcəyini daha da gücləndirmək. Çünki güclü dövlətin əsasında güclü gənclik dayanır”, - deyə o vurğulayıb.