Icma.az bildirir, Sia Az portalına istinadən.
"Artıq iki tur geridə qalıb və hadisələr tədricən öz məcrasına düşür. Güclü və zəif komandalar arasındakı fərq daha aydın görünməyə başlayıb".
Bunu SİA-ya açıqlamasında futbol veteranı, Avropa və dünya çempionu, UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov deyib.
Onun sözlərinə görə, misal olaraq, ilk turda xal itkisi yaşayan İspaniyanın ikinci turda böyük hesablı qələbə qazanmasını göstərmək olar:
"Bir çox komandaların da əsl potensialı artıq üzə çıxır. Ümumilikdə, əvvəlki mərhələlərlə müqayisədə ciddi sürpriz nəticələr o qədər də müşahidə olunmur. Məsələn, Kabo-Verdenin uğurlu çıxışı göstərir ki, bu artıq təsadüfi nəticə deyil. Futbol dünyanın müxtəlif bölgələrində, hətta kiçik ölkələrdə belə inkişaf edib və rəqabət qabiliyyəti artıb.
Gördüyümüz kimi, yarışda daha çox taktiki mübarizə ön plandadır. Bundan sonrakı mərhələlərdə isə psixoloji hazırlıq əsas amillərdən biri olacaq. Çünki artıq səhv etmək üçün imkan qalmır və hər məğlubiyyət turnirlə vidalaşmaq deməkdir. Belə bir şəraitdə komandaların psixoloji dayanıqlığı xüsusi əhəmiyyət kəsb edəcək.
Türkiyənin yarışdan kənarda qalması və ağır məğlubiyyət alması təəssüf doğurur. Görünən odur ki, Türkiyə millisi rəqiblərin tətbiq etdiyi müdafiə oyununa qarşı istədiyi həll yollarını tapa bilmədi. Xüsusilə də rəqiblər müdafiədə sıx oynayaraq boşluq vermədikdə, Türkiyə hücumda çətinlik yaşadı və oturuşmuş müdafiə xəttini yarmaqda uğurlu ola bilmədi. Buna görə də komanda gözlənilən nəticələri əldə edə bilmədi".