“Güclü qadın, güclü gələcək” FOTOLAR

26.11.2026

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

25 noyabr 2026-cı il tarixində 25 Noyabr – Qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə Lerik rayon Təhsil Sektorunun, Lerik rayon Heydər Əliyev Mərkəzinin, Lerik rayon Mərkəzi Kitabxana Sisteminin və Lerik şəhər Bələdiyyəsinin Gender Komissiyasının birgə “Güclü qadın, güclü gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində baş tutan, məktəb psixoloqların, şagirdlərin və ictimaiyyət nümayəndələrin qatıldığı tədbirin təşkilində əsas məqsəd qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi, qadınların cəmiyyətdəki rolunun və mövqeyinin gücləndirilməsi, eləcə qadınlara qarşı zorakılığın bütün formalarının qarşısının alınması istiqamətində ictimai maarifləndirmənin artırılması olub.
Çıxışlar zamanı 25 Noyabr – Qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Gününün tarixi və mahiyyəti barədə ətraflı məlumat verilib. Qadınlara qarşı zorakılığın fiziki, psixoloji, iqtisadi və digər formaları, bu halların qarşısının alınması yolları, zərərçəkmiş şəxslərin hüquqi müdafiə imkanları və müvafiq dövlət qurumlarına müraciət mexanizmləri diqqətə çatdırılıb, zorakılıq hallarına qarşı mübarizədə ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyət vurğulanıb, qadınların hüquq və imkanlarının genişləndirilməsində təhsilin, maarifləndirmənin və mütaliənin əhəmiyyəti xüsusi qeyd olunub.

Müzakirələrdə bildirilib ki, təhsilli, öz hüquqlarını bilən, müstəqil düşüncəyə və zəngin dünyagörüşünə malik qadın yalnız özünün deyil, ailəsinin və cəmiyyətin də inkişafına mühüm töhfə verir. Bu baxımdan, gənc nəslin gender bərabərliyi, qarşılıqlı hörmət, sağlam münasibətlər və zorakılığa qarşı dözümsüzlük ruhunda tərbiyə olunması olduqca vacibdir .
Həmçinin Azərbaycan tarixində və milli-mənəvi dəyərlər sistemində qadına verilən yüksək qiymətdən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davamından danışılıb, qadınların ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatın bütün sahələrində fəal iştirakının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu deyilib.
Tədbir mövzu ətrafında fikir mübadiləsi və müzakirələrlə davam etdirilib.
Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью