Gülben Ergen Azərbaycanda məktəb açmaq istəyir

07.11.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Türkiyənin məşhur müğənnisi Gülben Ergen Azərbaycanda məktəb açmaq arzusunda olduğunu açıqlayıb.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, sənətçi Bakıda jurnalistlərə açıqlamasında Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən, ölkəmizə sevgisindən və sosial layihələrindən danışıb.

O, Azərbaycanı yalnız sözlə deyil, bütün qəlbi ilə sevdiyini vurğulayıb:

“Biz bir-birimizi görəndə sevinir, üzümüz gülür. Mən illər ərzində yalnız mahnılarımla deyil, çəkildiyim seriallarla da Azərbaycan tamaşaçılarının yaddaşında iz qoymuşam. Birlikdə çox gözəl xatirələrimiz var. Sosial şəbəkələr vasitəsilə də bir-birimizin yaxşı və çətin günlərini, sevinclərini, ağrılarını, itkilərini paylaşmışıq. Ona görə də ‘qardaş ölkə’ ifadəsini formal olaraq işlətmirəm. Bunu bütün qəlbimlə deyirəm”.

Sənətçi Zəfər Günü münasibətilə Bakıda konsert verməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Azərbaycanın Zəfər Bayramında burada olub sizin üçün mahnı oxumaqdan çox xoşbəxtəm. Bu, adi konsert deyil. Azərbaycan xalqı üçün çox böyük və çətinliklə qazanılmış zəfərdir. Mənim üçün də çox önəmlidir”.

Gülben Ergen gələcəkdə Bakıya musiqili tamaşa ilə gəlmək ehtimalından da danışıb. O, böyük aktyor heyətinə malik “Gırgıriye” tamaşasının Azərbaycanda nümayişinin maraqlı ola biləcəyini deyib.

Müğənni mərhum sənətkarlar Ferhan Şensoy, Haldun Dormen və Kenan Işıkı da ehtiramla yad edib:

“Onlar çox darıxdığım, dəyər verdiyim sənət dostlarım, böyüklərim və müəllimlərim idi. Hər birini sevgi və hörmətlə anıram. Allah rəhmət eləsin, məkanları cənnət olsun”.

Müsahibə zamanı uşaqların təhsili və sosial problemlər də gündəmə gəlib. Türkiyədə “Çocuklar Gülsün Diye” layihəsi çərçivəsində 61 uşaq bağçasının açıldığını bildirən Gülben Ergen bu təşəbbüsü Azərbaycanda da həyata keçirmək istədiyini söyləyib.

“Kaş ölkəmizdə vəziyyət bir qədər sabitləşə, iqtisadi və sosial problemlərdən rahatlaşa biləydik. Mən də Azərbaycanda uşaqların təhsili üçün bir məktəb açardım. Bunun üçün Türkiyə və Azərbaycanın təhsil nazirliklərinin əməkdaşlığı və müvafiq icazələr lazımdır. Mən uşaqları o qədər çox sevirəm ki, bu layihə ilə dünyanın istənilən yerinə getməyə hazıram”, – deyə o bildirib.

Sənətçi sosial şəbəkələrdə nağara çalaraq mahnı ifa edən azərbaycanlı uşağın videosunu gördüyünü və onunla tanış olmaq istədiyini də qeyd edib.

Qeyd edək ki, Gülben Ergen Zəfər Günü münasibətilə Bakı Konqres Mərkəzində keçiriləcək konsertdə çıxış edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью