futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
U-20 dünya çempionatında mübarizə aparan Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb.
Futbolpress.az xəbər verir ki, mərhələ adlayan idmançılarımızın 2-si yunan-Roma, 1-i isə qadın güləşçisidir.
Yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) ardıcıl olaraq Fransa təmsilçisi Maqomed Varayevi (9:0) və Braziliya idmançısı Pedro Enrike de Souza Rodrigesi (6:2) məğlub edərək adını yarımfinala yazdırıb. O, bu pillədə iranlı güləşçi Əmirəli Heydəri ilə gücünü sınayacaq.
Eyni növ üzrə mübarizə aparan Elmin Əliyev (82 kq) də turnirdə inamla irəliləyir. O, Gürcüstan təmsilçisi Luka Pipiyanı (8:0), Yaponiya güləşçisi Rondo Kodamanı (8:0) və Özbəkistan idmançısı Bekmurod Rustamovu (1:1 – ilk xal üstünlüyü ilə) sıradan çıxararaq yarımfinala yüksəlib. Təmsilçimizin növbəti rəqibi belaruslu Kiril Valevski olacaq.
Qadın güləşçilərin yarışında isə Zəhra Kərimzadə (53 kq) Türkiyə idmançısı İlayda Çini “tuş”la təmiz qələbə ilə üstələyərək yarımfinala adlayıb. Həlledici qarşılaşmaya vəsiqə uğrunda təmsilçimiz hindistanlı Tanu Şarma ilə üz-üzə gələcək.
Komandanın digər üzvü Esra Məmmədli (72 kq) isə təsnifat mərhələsində Qazaxıstan idmançısı Dinara Dauylkızıya uduzub (1:7).
Qeyd edək ki, yarımfinal mübarizəsi Bakı vaxtı ilə saat 19:00-da, medal görüşləri isə 20:00-da start götürəcək.