Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Başa düşürük ki, indi internet dövrüdür, sosial şəbəkələrdən geniş istifadə olunur. İstənilən məlumatı qısa müddətdə əldə etmək mümkündür. Amma internetin əsiri olmaq da düzgün deyil. Çünki belə halda beyin kütləşir, yorulur və insan tənbəlləşir. Yəni insan artıq hansısa sözü öyrənmək, araşdırmaq, tədqiq etmək istəmir. Rahat yol kimi internetdən istifadə edir, istədiyini oradan götürür. Lakin bir gündən sonra həmin sözü ondan soruşanda nə vurğusunu düzgün deyir, nə də söz yadına düşür. Çünki internet kitab deyil.
Bunu AZƏRTAC-a müsahibəsində Əməkdar artist, Azərbaycan Televiziyasının ilk diktor-jurnalisti Gülşən Əkbərova bildirib.
O, həmçinin dilimizə əcnəbi sözlərin gətirilməsi ilə bağlı fikrini açıqlayıb. Bu prosesin tənzimlənməsi yollarından danışıb. “Bəzən əcnəbi sözlərin gündəlik həyatımıza daxil olduğunu deyirik. Bu hal dilin saflığı üçün böyük təhlükə yaradır. İstəyirəm ki, bəzi sözləri misal çəkim. Məsələn, investisiya-sərmayə, adekvat-uyğun gələn, instruksiya-təlimat, kreativ-yaradıcı, populyar-məşhur, alternativ-əvəzedici, prioritet-üstünlük, leksikon-söz ehtiyatı deməkdir. Yaxşı olar ki, bu sözlərin əvvəlində yəni yazılsın ki, həmin xarici kəlmələrin mənası aydın olsun. Misal üçün, “kreativ, yəni yaradıcı” kimi. Bu, həm də həmin sözlərin dildə qalması, itməməsi üçün vacibdir. Əgər hər hansı sözün Azərbaycan dilində qarşılığı varsa, ondan istifadə olunmalıdır”, - deyə Gülşən Əkbərova vurğulayıb.
Əməkdar artist, Azərbaycan Televiziyasının ilk diktor-jurnalisti Gülşən Əkbərovanın AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.