Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Neçə gündür bir kitab əlimdən düşmür. Adı belədir: “Salam, Qarabağım! Xoş gördük, Güllücəm!” (Qarabağa qayıdış: xatirələr, duyğular, arzular). Hər səhifəsini böyük maraq və ağrı hissi ilə oxuyur, bir daha ötən 40 ilə yaxın müddətdə keçdiyimiz keşməkeşli yollar haqqında düşünürəm: biz hardan gəlib hara çatdıq? Liderlərin, görkəmli siyasətçilərin və çoxsaylı beynəlxalq qurumların çözə bilmədiyi (daha doğrusu, əncam çəkmək istəmədikləri) “Dağlıq Qarabağ düyünü”nü Ali Baş Komandanın rəhbərliyi və xalqın dəstəyi ilə müzəffər Azərbaycan Ordusu 44 gün ərzində əsaslı şəkildə həll etdi.
Amma 30 ildən çox torpaqlarımızı işğal altında saxlayan düşmənin təbii sərvətlərimizə, maddi mədəniyyət abidələrimizə, yaşayış məskənlərimizə vurduğu yaraları sağaltmaq, ağılasığmaz vandallığın ağır nəticələrini aradan qaldıra bilmək üçün illərlə çalışmaq lazım gələcək. Hər halda, bu gün aparılan böyük quruculuq işləri onu deməyə əsas verir ki, Qarabağın sabahı daha gözəl, daha möhtəşəm olacaq...
O da məlumdur ki, biz daim sayıq olmalı, keçmişi, xüsusilə düşmənin işğal zamanı insanlarımıza yaşatdığı vəhşilikləri unutmamalı, məkrli planlarının qarşısını vaxtında almalıyıq. Bu istiqamətdə qələm sahiblərinin üzərinə də müəyyən vəzifələr düşür. Qarabağ mövzusu hərtərəfli yazılmalı, tarixi və bədii əsərlərdə, sənədli, bədii filmlərdə geniş əksini tapmalı, başqa sözlə, yeni Qarabağnamələr yaradılmalıdır.
Bəlli ki, indiyədək Qarabağ mövzusunda az yazılmayıb. Əksər yazıçı və şairlərimiz bu mövzuda irili-xırdalı çoxsaylı əsərlər ortaya qoyublar, filmlər də çəkilib. Xalq yazıçıları Sabir Əhmədov və Mövlud Süleymanlı, Aqil Abbas, Seyran Səxavət, Əlabbas, Elçin Hüseynbəyli, Hüseynbala Mirələmov və başqaları bu mövzuda dəyərli əsərlər yazmışlar. Amma ümumi fikir budur ki, işğal illərində ermənilərin vəhşiliklərinə, xalqın bu cənnətməkan torpaq uğrunda mübarizəsinə və ordumuzun böyük qələbəsinə layiq daha sanballı əsərlərin yazılmasına ehtiyac var.
Qarabağ mövzusunda çoxsaylı əsərlərin müəlliflərindən biri elə haqqında söz açdığım (“Salam Qarabağım! Xoş gördük, Güllücəm!” (Qarabağa qayıdış: xatirələr, duyğular, arzular) elmi, bədii-publisistik oçerklər kitabının müəllifi yazıçı-publisist, filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Onun müxtəlif illərdə qələmə aldığı “Doxsanıncı illər”, “Tale döyüşü” və “Qaçqın” romanları, ikihissəli “Yurd yeri” telepyesi, “Qamış”, “Sınıq araba”, “Qiymət” və digər hekayələri və onlarca araşdırma yazıları fikrimizə sübutdur. Bunlarla yanaşı, o, “Qarabağ uğrunda mübarizə və Azərbaycan ədəbiyyatı” mövzusunda da bir neçə dəyərli monoqrafiyanın müəllifidir.
Elçinin yeni əsəri yurdla yurddaşın qırılmaz ruhi-mənəvi bağlantısının əks-sədasıdır. Əsər müəllifin düşmən tərəfindən dağıdılmış Güllücə kəndinə səfər təəssüratı əsasında, duyğulu təfərrüatlarla qələmə alınır. Elə ilk səhifədən onun əhvali-ruhiyyəsini duyuruq: “Salam Qarabağım! Xoş gördük Güllücəm!”, əslində, sevinc, fərəh hisslərini ifadə etməli olan bu sözlər mənim uzun illərin həsrətindən sonra, hər şeyi talan edilib, dağıdılıb, yağmalanıb viran qoyulmuş vəziyyətində ulu yurdumla görüş zamanı içimdən ağrılı bir inilti ilə gələn səssiz pıçıltı oldu...”.
Görünməmiş vandallıq nümunəsi ilə rastlaşan yazıçı-publisist yaddaşında yaşatdığı kəndini, onun gözəlliklərini, insanlarını göz önündən keçirir, gülü solmuş Güllücənin illər uzunu çəkdiyi ağrılardan söz açır. Bu təzadlı anları yazıçı çox ustalıqla qələmə alır. Bu, bir el-obanın timsalında xalqımızın 30 ildə yaşadığı sarsıntılı həyatı və yurda, torpağa hədsiz sevgi və sədaqəti haqqında təsəvvür yaratmağa imkan verir. Əsər, demək olar ki, Qarabağ uğrunda mübarizədə keçilən bütün mərhələləri əhatə edir.
Büsbütün qayəsi ilə milli birliyə səsləyən bu əsərdən doğan əsas ideya budur ki, biz tarixin dərslərini unutmamalıyıq – unutqanlıq gələcək üçün ciddi təhdiddir! Bu baxımdan, əsəri Dağlıq Qarabağ həqiqətlərini ucadan bəyan edən və onların keşiyində dayanmağa səsləyən ədəbi yaddaş kitabı kimi də dəyərləndirə bilərik.
Səməd MƏLİKZADƏ
yazıçı-publisist