Gümrüdəki həbs Moskvanı hərəkətə keçirəcək? Rusiya üçün HƏSSAS MƏSƏLƏ

10.11.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Gümrüdə yerləşən Rusiya hərbi bazasının iki hərbçisinin Ukrayna vətəndaşını döymək ittihamı ilə həbs edilməsi Moskva ilə İrəvan arasında münasibətləri yenidən gündəmə gətirib. Hadisə Ermənistanın Rusiya hərbi qulluqçularına münasibətdə hüquqi mövqeyi və ölkədəki Rusiya hərbi mövcudluğunun gələcəyi ilə bağlı suallar doğurur. Bəs bu insident onsuz da gərgin olan Rusiya-Ermənistan münasibətlərinə necə təsir göstərə bilər? Moskva İrəvanın addımına siyasi və ya diplomatik təzyiqlə cavab verə bilərmi?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının iki hərbçisinin Ukrayna vətəndaşını döymək ittihamı ilə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilk baxışda adi kriminal hadisə kimi görünə bilər. Lakin hadisənin siyasi fonunu nəzərə aldıqda, onun Rusiya-Ermənistan münasibətlərinin hazırkı həssas vəziyyəti kontekstində daha geniş məna kəsb etdiyi aydın olur. Ermənistan İstintaq Komitəsi hərbçilərə qarşı cinayət işi açıb və onlar Ermənistanın penitensiar müəssisəsində saxlanılırlar:

"Hadisənin siyasi əhəmiyyətinə nəzər saldıqda görünür ki, burada əsas məsələ döyülmə faktının özündən daha çox, Ermənistanın Rusiya hərbçilərinə münasibətdə nümayiş etdirdiyi hüquqi mövqedir. Uzun illər ərzində Rusiya hərbi bazasının hərbçilərinin iştirakı ilə baş verən insidentlərdə Moskvanın xüsusi statusu nəzərə alınır, bir çox hallarda isə təhqiqat və digər hüquqi prosedurlar bazanın nəzarəti altında həyata keçirilirdi. Bu dəfə isə Ermənistan tərəfinin hərbçiləri öz penitensiar sistemində saxlaması İrəvanın suverenlik nümayişi kimi qiymətləndirilə bilər. Bu, son illərdə müşahidə olunan tendensiyanın davamıdır. Ermənistan artıq əvvəlki kimi təhlükəsizlik sahəsində tam şəkildə Rusiyaya arxalanmır, Avropa İttifaqı və digər Qərb strukturları ilə əlaqələrini dərinləşdirməyə çalışır. Bu baxımdan, İrəvan üçün belə hadisələr daxili auditoriyaya “Ermənistan ərazisində heç kim qanundan üstün deyil” mesajını vermək baxımından da əhəmiyyət daşıyır. Xüsusilə qeyd etmək lazımdır ki, Kremldəki bəzi dairələr bu hadisəyə sırf cinayət işi kimi deyil, daha geniş siyasi kontekstdə yanaşa bilərlər. Son illərdə Ermənistan rəhbərliyi ilə Rusiya arasında yaranmış etimadsızlıq fonunda baş verən hər hansı insidentin daha həssas qarşılanması mümkündür".


Politoloqun sözlərinə görə, hazırkı mərhələdə Moskvanın məsələni dövlətlərarası böhrana çevirməkdə maraqlı olması ehtimalı yüksək görünmür:

"Çünki hadisə ayrı-ayrı hərbi qulluqçuların davranışı ilə bağlıdır və Ermənistan tərəfi rəsmi şəkildə 102-ci hərbi bazanın fəaliyyətini hədəf alan hər hansı addım atmayıb. Əksinə, məsələ ilə bağlı hüquqi prosedurlar çərçivəsində istintaq aparılır. Yekun olaraq qeyd etmək lazımdır ki, bu hadisə Rusiya-Ermənistan münasibətlərində dönüş nöqtəsi yaradacaq miqyasda görünmür. Bununla belə hadisə onsuz da zəifləyən qarşılıqlı etimadın daha bir göstəricisinə çevrilə bilər. Əsas məqam ondan ibarətdir ki, Ermənistan öz ərazisində fəaliyyət göstərən Rusiya hərbi kontingentinə münasibətdə getdikcə daha sərt və suveren mövqe nümayiş etdirir. Moskva isə hələlik bunu strateji böhran səviyyəsinə qaldırmasa da, regionda nüfuzunun tədricən azalmasının daha bir əlaməti kimi qiymətləndirir. Beləliklə, bu insident iki dövlət arasında açıq qarşıdurmaya səbəb olmasa da, Rusiya-Ermənistan münasibətlərində son illərdə müşahidə edilən uzaqlaşma prosesinin növbəti simvolik epizodu kimi yadda qala bilər".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью