Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Bəli, sovet vaxtında belə bir mahnı vardı: Buba Kikabidzenin xit mahnılarından biri. Sözləri, deyəsən, Bulat Okucavaya aid idi, ağlayan ziyalı adlandırılan, səhv etmirəmsə, atası gürcü, anası erməni olan yarı-dissident şair-bardın...
Bunu niyə yada saldım? O gün baxıram, keçmiş müxalifətçilərdən biri çağdaş xarici siyasətimizi elə bəyənib ki, az qala hakim partiyanın adamına da danışmağa imkan vermir.
Sözüm yoxdur, özü bilər. Üstəlik, mən də razıyam ki, bəyəniləsi məqamlar çoxdur, amma təəssüf ki, bir istiqamətdə əladır, digər istiqamətdə — Avropa səmtində, məsələn, kafi. Həm də mənim üçün təəccüblü şey yoxdur. Guya keçmişdə bizim siyasi tərəfdaşlar arasında tərif həvəskarları az idi?
Yadıma bir detal da düşür burada. Əbülfəz bəy müsahibələrinin birində demişdi ki, məni türk dünyasının lideri-filanı adlandırmayın, çünki belə şey yoxdur. Kimə deyirsən? Bəzi qəzetlər Əbülfəz bəyə sevgilərini necə bildirirdilər? Onun bir qəzet səhifəsi boyda şəklini verməklə...
Yenə də deyirəm ki, olsun. İnsanlar necə bilirlərsə, bacarırlar, eləcə də sevir, rəğbət bəsləyirlər. Amma bəs indi niyə sevmirlər?
Bəziləri indi başqalarına “vurulublar”. Nə fərqi var? Üslub qalır, adlar dəyişib. Hələ onu demirəm ki, bir vaxt belə bir şey yazmışdım: dəyişən ulduzlardır, paqonlar qalır. Bəli, keçmişdə beşguşəli idi, indi isə səkkizguşəli olub.
Bu səbəbdən Okucava və ya Buba ilə tam razılaşa bilmirəm: dünya yox, biz günahkarıq, günaha batırmışıq onu da, özümüzü də.
Yeri gəlmişkən, sovet dövrü adamlarından Okucavanı çoxu tanıyır. Amma Vaxtanq (Buba) haqqında hamı bir o qədər də məlumatlı deyil, onu daha çox müğənni kimi tanıyırdı hamı.
Amma Buba gürcü çarlarının nəslindən olub. Rusiya onun Sakartvelosuna savaş açanda mükafatlarını qaytarmışdı. Dünyadan da, səhv etmirəmsə, “Vahid Milli Hərəkat”ın deputatı kimi köçdü, amma xəstə olduğundan parlamentari kimi çox da fəallıq göstərə bilməmişdi. Həm də, məncə, yaş da artıq o yaş deyildi.
O, mənim də yadımda mahnılarından çox “Mimino”dakı sözləri ilə qalmışdı. Yadınızdadırmı, stüardessaya nə deyir? “İstəyirsən, təyyarədən atım özümü?” Stüardessa bir az incik tonda “Yox, istəmirəm!” deyəndə qayıdıb söyləyir ki, mənsə istəyirəm, çünki doğma Gürcüstanın dağları yadına düşmüşdü.
Film sovetlərin ən gözəllərindən idi. Orada bir erməni artisti də vardı — Frunzik Mkrtçyan. Ekranda görünəndə hamının üzünə təbəssüm qonurdu. Amma illər sonra onun həyatı haqda oxudum. Erməni olanda nə olar? Çox təsirləndim. Hamını güldürən adamın özü bədbəxtin biri imiş. Görünür, nahaq yerə “klounlar dünyanın ən kədərli insanlarıdır” deməyiblər, burada həqiqət varmış.
Bir sözlə, film də gözəl idi, ssenarisi də, artistləri, rejissoru da. Amma həyatda hər şey başqa cür olur. Bəla da, dərd də bundadır: həyat kino deyil axı...
Bizim rəhmətlik Mirzə Babayev azərbaycanlı şanson ifaçısı adlandırılanda ağlıma gələn bu oldu ki, ikinci beləsi yəqin Vaxtanq Kikabidzedir — bəli, onu da rus şansonunun təmsilçilərindən sayırlar.
Gələk günahlarımıza. Həqiqətən, bu günaha batmış dünyada niyə və necə yaşayırıq?
Çoxunun missiyası onu daha da günaha batırmaqdır. Hər xalqda beş-on nəfər tapılar ki, onun günahlarını yumağa çalışsın...
Yox, mən heç vaxt ölkədə total birliyin, hətta onun iki “cəbhə”yə bölünməsinin tərəfdarı olmamışam. Həm də niyə görə hamı eyni sözü deməlidir, ya da bütün məsələlərlə bağlı iki baxış olmalıdır? Başqa yanaşmalar üçün də əsaslar var axı!
Adam var, onun üçün ən əsas məsələ Qarabağ idi. Adam da var, ürəyi hələ də Təbrizlə döyünür. Eləsi var, tamam romantikdir, turançıdır, düşünür ki, beş-on ilə bu məsələ də başa gələcək və o da bunu görəcəkdir. Biz niyə belələrini siyasi daltonizmdə qınamalıyıq? Axı belə deyil. Sadaladığım üç məqam ona inanan insanlardan ilk növbədə iki şey tələb edirdi: təmənnasızlıq və fədakarlıq.
Əsas odur ki, adam hər şeydən əvvəl dediklərinə özü inansın. Dərd bundadır. Bəziləri özləri də inanmırlar dediklərinə. Təkrar deyirəm ki, bəzən özləri belə sözlərinə inanmırlar...
Düşünürsən ki, tərifləmək böyük elmdirmi? Başqaları bacarmazmı?
O gün baxıram, turizmin inkişafından danışırlar. Düz də edirlər! Niyə belə vacib sahədə Gürcüstandan neçə dəfə geri qalmalıyıq?
Ermənistanın belə problemi yoxdur, deyəsən. Xaricdəki ermənilərin hərəsi ildə bircə dəfə, dırnaqarası, “tarixi vətən”lərinə gəlsələr, bəs edər.
Bizim də cənublu azərbaycanlılar turistlərin mühüm hissəsini — daha dəqiqini mütəxəssislər bilirlər — təşkil edirdilər. Amma kimsə demir ki, turistlərin azalması həm də indiki təhlükəsizlik rejimi ilə bağlıdır, özü də tək bir istiqamətdə yox.
Ona görə də çalışaq doğrusunu-dürüstünü deyək hər şeyin. Çünki deməsək, sual olunar: daha bu günahkar dünyada niyə yaşayırıq? Və biz də cavab tapmarıq.
Ölkələr var, səsinin sahibi ola bilmirsən, sevimli və uzunömürlü hökumətinə nəzarət edə bilmirsən, bunlar da azmış, durub yalan danışmalı, belə vəziyyəti tərifləməli olursan! Lap dəhşət oldu ki...
Hüseynbala Səlimov