Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ceffri Epşteynlə bağlı sənədlərdə onun barəsində hər hansı cinayət tərkibinə rast gəlinmədiyini bildirib və bu mövzunun artıq gündəmdən çıxarılmalı olduğunu deyib.
Oval Ofisdə müvəqqəti büdcəni imzaladıqdan sonra jurnalistlərin suallarını cavablandıran Tramp, Epşteyn işi ilə bağlı özünü tamamilə günahsız hesab etdiyini vurğulayıb.
“Minlərlə, milyonlarla səhifə sənəd araşdırıldı. Bütün bunlara baxmayaraq, mənimlə bağlı qətiyyən heç nə tapılmadı. Nəhayət, mənim günahsız olduğum ortaya çıxdı”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp Epşteyn dosyesinin artıq bağlanmalı olduğunu deyərək diqqətin ölkənin idarə olunmasına yönəldilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Epşteynlə yaxın əlaqələri olan şəxslər əsasən Demokratlar Partiyasına mənsubdur.
“Epşteynlə sıx əlaqədə olan çox sayda Demokrat var. Açıq danışım, indi ölkəni idarə etməyə qayıtmalıyıq. Ceffri Epşteyn sağ ikən onu heç kim vecinə almırdı, öldükdən sonra isə hamı maraqlanmağa başladı. Bu, Demokratların problemidir, Respublikaçıların yox. Respublikaçıların yeganə məsələsi ölkəni düzgün idarə etməkdir”, – deyə Tramp vurğulayıb.
"AzPolitika.info"