Günahsızdır fahişələr... Rüstəm Behrudinin yeni şeirləri

21.04.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Rüstəm Behrudinin "Darıxan ağac" və "Parisdə" adlı yeni şeirləri təqdim edir.

Darıxan ağac

Görən kimi tanıdım..
Tanıdınmı məni sən ?
Ey meşədə darıxan,
Tənha ağac, necəsən?

Gəldim baxım boyuna.
Görüm neçə haçadır.
Gəldim görüm neynirsən,
Görüm, ölüm necədir?

Necədir yarpaq gözün?
Budaq əlin necədir?
Hələ kökün ölməyib...
Ölən qolun necədir?

Bu sarmaşıq tanışdır.
Solun, sağın necədir?
Boş qaranquş yuvası
Tənhalığın necədir?

Necədir yalqız olmaq
Fəsillərin birində,
De, bu boyda meşədə
Ağacların içində?

Mən də bezib, usanıb,
Gəldim evdən, necədir
Yarpağından de, əvvəl
Ölən gövdən necədir?


O yarpğın, bu gözün,
Bu qolun, o budağın...
Hönkürərlər üstünə.
Mənim təkin qonağın.

Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
Tənha ağac, necəsən?

Parisdə

Paris - qürbətin adı
Qəm köklənir qəm üstə
Mən əbasız, xirqəsiz
Bir dərvişəm Parisdə.

Yenisey çölü yanır,
Alışıb gülü yanır
Rembonun külü yanır
Parisdə...

Yenilib Zəfər Tağı,
Baxır başı aşağı
Lüksemburq bağı... ağı
Parisdə

Qınından sıyrılacaq xəncərdi
Eyfelə bax
Yerə-göyə saplanacaq
Parisdə

Qıza bax, Ay üzlüdü,
Janna Darkın özüdü,
Yer üzü göy üzüdü
Parisdə

Ömür şərabdı camda
Ruhum küləkdi şamda
Burada idim, Noterdamda
Parisdə

Halıma baxıb gülər,
Luvrda ilahələr
Günahsızdır fahişələr
Parisdə

Sena hüznlə axır
Axıb ruhumu yaxır
Sözümnən Allah baxır,
Allah baxır,
Parisdə

"Sən narın yağış kimi..." - Balaş Azəroğlu "Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi Ermitaj bağlandı - Səbəb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью