Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Milli Məclisin deputatı Günay Əfəndiyeva Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasının ilk iclasında çıxışı zamanı I Türkoloji Qurultayın 100 illiyi çərçivəsində tibb sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq səviyyədə müzakirəsini təklif edib.
525.az xəbər verir ki, deputatın sözlərinə görə, Türkoloji Qurultay təkcə mədəniyyət, dil və tarix məsələləri ilə məhdudlaşmır, eyni zamanda, Türk dünyasında sosial siyasət, əhalinin rifahı və insan kapitalının inkişafına təsir göstərən çağırışların müzakirə olunduğu nüfuzlu elmi-ictimai platformadır.
100 il əvvəl Qurultayın təşkili prosesində tibb və səhiyyə mütəxəssislərinin fəal iştirakına diqqəti çəkən Günay Əfəndiyeva deyib: “Bu il bu tarixi yubiley çərçivəsində Milli Məclisin Səhiyyə komitəsi, TÜRKPA, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə əməkdaşlığı ilə genişmiqyaslı ictimai dinləmə və ya tədbir təşkil oluna bilər”.
Deputat son bir əsrdə tibb sahəsində əldə olunan nailiyyətlərə kompleks baxış üçün türk ölkələrinin müvafiq strukturlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirlərin gerçəkləşdirilə biləcəyini diqqətə çatdırıb.