Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Tədqiqatlar göstərir ki, yeriməyin sağlamlığa faydası gündə təxminən 6 min addımdan başlayır. Yəni insan 6 min addıma çatırsa, orqanizm artıq bunun faydasını görür. Xüsusilə 60 yaş və üzəri insanlar üçün minimum 6 min addım yaxşı göstərici hesab oluna bilər. Gənclər, yəni 60 yaşdan aşağı şəxslər üçün isə gündə 8-10 min addım daha ideal göstəricidir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov vurğuladı.
O vurğuladı ki, onilliklər ərzində aparılmış tədqiqatlar göstərir ki, gündə 8-10 min addım atan şəxslərdə ürək-damar xəstəlikləri, metabolik problemlər, piylənmə, şəkərli diabet və digər ciddi xəstəliklərlə bağlı ölüm riski daha aşağı olur:
"Yəni bu vərdişi davam etdirmək lazımdır. Onun faydası elmi tədqiqatlarla sübut olunub. Ona görə də insanlara tövsiyə edərdim ki, gündəlik fiziki aktivliyi və xüsusilə yürüş vərdişini mütləq davam etdirsinlər".
NURİYYƏ