Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gündə səkkiz stəkan su içməyin vacib olduğu barədə geniş yayılmış tövsiyənin elmi əsası olmadığı açıqlanıb.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Dartmut Tibb Məktəbinin fizioloqu Haynts Valtin bildirib.
Mütəxəssisin sözlərinə görə, “gündə 8 stəkan su” tövsiyəsinin yaranması 1945-ci ildə ABŞ Qida və Qidalanma Şurasının hazırladığı hesabatla əlaqələndirilir. Sənəddə gündə təxminən 2,5 litr su qəbulundan bəhs edilsə də, burada mühüm bir məqam da qeyd olunurdu: insanın ehtiyac duyduğu mayenin əhəmiyyətli hissəsi qida vasitəsilə qəbul edilir.
Zamanla bu izahat gündəlik tövsiyələrdən çıxarılıb və ümumi maye ehtiyacı yalnız təmiz su kimi təqdim olunmağa başlayıb.
Alim vurğulayıb ki, daha müasir tövsiyələr də bütün insanlar üçün “8 stəkan su” kimi vahid norma müəyyən etmir. 2004-cü ildə ABŞ Milli Elmlər Akademiyasının Tibb İnstitutu sağlam insanların əksəriyyətinin susuzluq hissinə əsaslanaraq normal su balansını qoruya bildiyini açıqlayıb. Gündəlik maye ehtiyacına həm içkilərdən, həm də qidalardan alınan su daxildir.
2022-ci ildə “Science” jurnalında dərc olunan və 23 ölkədən 5,6 mindən çox insanın iştirak etdiyi araşdırma da maye ehtiyacının insandan insana ciddi şəkildə dəyişdiyini göstərib. Buna bədən çəkisi, fiziki aktivlik, havanın temperaturu və rütubət, dəniz səviyyəsindən yüksəklik, hamiləlik və digər amillər təsir edir.
Bununla yanaşı, həddindən artıq su içmək də təhlükəli ola bilər. Məsələn, Boston marafonundan sonra müayinə olunan qaçışçıların 13 faizində qanda natrium səviyyəsinin təhlükəli dərəcədə azalması – hiponatremiya aşkarlanıb. Əsas risk faktorlarından biri yarış zamanı çəkinin artması olub ki, bu da həddindən artıq maye qəbuluna işarə edib.
NURİYYƏ