Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Natalya Çadina danışıb.
Onun sözlərinə görə, ərik qurusu bağırsaq funksiyasını dəstəkləyən, bağırsaqların müntəzəm işləməsinə kömək edən və daha uzun müddət toxluq hissi yaradan qida lifləri ilə zəngindir.
“Lakin quru meyvələrin böyük porsiyada qəbulu, xüsusilə insan adətən az miqdarda lif qəbul edirsə, köpə, qarında qurultuya və ishala səbəb ola bilər”, – deyə həkim bildirib.
Mütəxəssis ərik qurusunun əsas üstünlüklərindən biri kimi yüksək kalium tərkibini göstərib. Bu mineral əzələlərin və sinir sisteminin fəaliyyətində, ürək ritminin qorunmasında, eləcə də arterial təzyiqin tənzimlənməsində iştirak edir.
Bununla belə, həkim vurğulayıb ki, quru meyvələr hipertoniya və ya aritmiyanı müalicə etmir, həmçinin həkimin təyin etdiyi dərmanları əvəz edə bilməz.
Qurudulmuş ərikdə karotinoidlər də qorunub saxlanılır. Orqanizm bu maddələrdən A vitamini sintez edə bilir. Onlar görmə qabiliyyətinin, dərinin və selikli qişaların sağlamlığının qorunması üçün vacibdir. Lakin ərik qurusunun immuniteti sürətlə gücləndirməsi və ya orqanizmi cavanlaşdırması ilə bağlı iddialar xeyli şişirdilib.
Bundan başqa, quru meyvələrə tez-tez hemoqlobinin səviyyəsini artırmaq üçün də tövsiyə edilir. Ərik qurusunun tərkibində həqiqətən dəmir var, lakin onun miqdarı azdır və bu dəmir ətdə olan dəmirlə müqayisədə daha çətin mənimsənilir.
“Dəmir çatışmazlığı anemiyasını ərik qurusu ilə müalicə etmək olmaz. Hemoqlobinin səviyyəsi aşağı olduqda ferritinin miqdarını müəyyənləşdirmək, çatışmazlığın səbəbini aydınlaşdırmaq və həkimin təyin etdiyi müalicəni almaq lazımdır”, – deyə endokrinoloq xəbərdarlıq edib.
Əsas məhdudiyyət məhsulun tərkibində şəkər və kalorinin yüksək konsentrasiyada olması ilə bağlıdır. İnsan təzə əriklə müqayisədə fərqinə varmadan daha çox qurudulmuş meyvə yeyə bilər. Bu məqam xüsusilə arıqlamaq istəyənlər, şəkərli diabet və insulin müqaviməti olan şəxslər üçün vacibdir.
Həkimin sözlərinə görə, sağlam yetkin insan üçün gündəlik ərik qurusu porsiyası təxminən 30-40 qram, yəni ölçüsündən asılı olaraq 4-6 ədəd təşkil edir. Onu sıyığa, kəsmiyə və ya təbii yoqurta əlavə etmək olar.
O, ərik qurusunu istehlak etməzdən əvvəl yumağı tövsiyə edib. Eyni zamanda əlavə şəkər olmayan, kif əlamətləri və kənar qoxusu olmayan məhsullara üstünlük verməyin vacibliyini vurğulayıb.
“Ərik qurusunun faydası onu ölçülü şəkildə istehlak etdikdə ortaya çıxır. Onu düzgün qidalanmanı və ya müalicəni əvəz etmək üçün istifadə etmək olmaz”, – deyə endokrinoloq fikrini yekunlaşdırıb.
Həmidə İbrahimova