Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Həyatda elə bir insan yoxdur ki, yorğunluğun nə olduğunu bilməsin. Ancaq bəzən bu yorğunluq adi bir yorğunluq kimi qalmır və tədricən xroniki yorğunluğa gətirib çıxarır. Nəticədə, düşünmə qabiliyyəti azalır, yaddaş isə zəifləyir.
Bu gün dünyada iş qabiliyyəti olan əhalinin 30 faizindən çoxu xroniki yorğunluqdan əziyyət çəkir. Tədqiqatlar yorğunluq hissinin əsasən günortadan sonra, təqribən saat 15.00-dan başlayaraq maksimum həddə çatdığını göstərir. Digər tərəfdən, statistik məlumatlara görə, dünya miqyasında yorğunluqla əlaqədar ildə 30 milyon iş günü boşa gedir. Mütəxəssislərə görə, nəqliyyat, səs-küy, gərginlik, stress (hətta bu siyahiya rejimsiz qidalanmanı da daxil etmək olar) yorğunluğa səbəb olur. Nəticədə, yorğun insan çox yavaş hərəkət edir, həmçinin, diqqətini toplamaqda çətinlik çəkir.
Əgər yorğunluq 6 aydan çox davam edirsə, yaddaşı zəiflətməklə yanaşı, yuxusuzluğa da səbəb olur. Orqanizmin kifayət qədər dincəlməməsi isə yorğunluğun davam etməsinə gətirib çıxarır. Bu isə yorğunluq hissinin daha da artmasına səbəb olur. Ancaq yorğunluq təkcə yuxusuzluqdan irəli gəlmir. Buna görə də, yorğunluğun əsas mənbəyini axtarıb tapmaq lazımdır. Belə hallarda insan, ilk növbədə, həyat tərzini dəyişməlidir. Digər tərəfdən, bəzi xəstəliklər də özünü yorğunluq hissi ilə büruzə verir. Məsələn, anemiya (qanazlığı), depressiya, həmçinin, qalxanvari vəzi problemləri də belə xəstəliklərdəndir.
Yorğunluğun digər səbəbləri isə aşağıdakılardır:
Pəhriz: Orqanizm onun üçün vacib olan qida maddələrini qəbul etmədikdə insan özünü yorğun hiss edir. Üstəlik, bu yorğunluq çox vaxt özünü halsızlıqla müşayiət edir.
Hərəkətsizlik: Hərəkət stresi azaltdığı üçün enerjinin artmasına səbəb olur. Hərəkətsizliyi aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biri isə idmandır. Buna görə də, həftədə ən azı üç dəfə, 20-30 dəqiqə arasında idmanla məşğul olmaq məsləhətdir.
Qalxanvari vəzilər: Qalxanvari vəzilərin ağır fəaliyyət göstərməsinin əsas səbəblərindən biri də xroniki yorğunluqdur.
Dərmanlar: Bəzi dərmanların yorğunluq və halsızlıq kimi kənar təsirləri də var.
Su: Gün ərzində itirilən suyun bərpa olunmaması bir çox fiziki problemlərin meydana gəlməsinə səbəb olur. Bunlardan biri də yorğunluqdur.
İş yerləri: Gün ərzində işləmək sizi yormaya bilər, ancaq iş yerinə gəlincə məsələ başqa cürdür. Buna görə də, iş yeri yorucu və cansıxıcı olmamalıdır.
İstirahət: İstirahət günlərində çox hərəkət etmək, açıq havada çox gəzmək (təbii ki, dincəlmək şərti ilə) sizə həftənin yorğunluğunu çıxarmaqda kömək edə bilər.
Murad Məmmədov