Gündəmi silkələyən Epşteyn dosyesi: Nüfuzlu şəxslər hədəfdə İstefalar qaçılmazdır? ŞƏRH

03.02.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Epşteyn sənədlərinin mərhələli şəkildə ictimaiyyətə açıqlanması beynəlxalq miqyasda ciddi rezonans doğurub. Sənədlərdə bir sıra tanınmış siyasətçilərin, texnologiya nəhənglərinin rəhbərlərinin və nüfuzlu iş adamlarının adlarının çəkilməsi qlobal gündəmi silkələyib.

Ortaya çıxan məlumatlar təkcə hüquqi və etik müzakirələrə səbəb olmayıb, eyni zamanda bəzi yüksək vəzifəli şəxslərin istefası ilə nəticələnib. Bu proses Epşteyn işi ətrafında illərdir davam edən qaranlıq məqamları yenidən gündəmə gətirərək beynəlxalq ictimaiyyətdə şəffaflıq və hesabatlılıq çağırışlarını gücləndirib.

Mövcud istintaq materiallarına əsasən, sənədlərdə yer alan bəzi yazışmalar, uçuş qeydləri və şahid ifadələri hüquq-mühafizə orqanları tərəfindən yenidən araşdırılır. Araşdırmalar nəticəsində bir sıra ölkələrdə daxili yoxlamalar başladılıb, bəzi yüksək vəzifəli şəxslər barəsində isə istefa və vəzifədən kənarlaşdırma qərarları verilib. Beynəlxalq media qurumları bildirir ki, sənədlərin açıqlanması prosesi davam etdikcə yeni adların və əlavə faktların üzə çıxması ehtimalı yüksəkdir.

Maraqlıdır görəsən, bu dosyelər niyə məhz indi yayılır? İstefalar davam edə bilərmi? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Epşteyn sənədlərinin indiki dövrdə yayılması təsadüfi hesab oluna bilməz. Bu sənədlərin məhz indi açıqlanması, hesab edirəm ki, ilk növbədə ABŞ-ın daxili siyasətinin formalaşdırılması məqsədinə xidmət edir. Digər tərəfdən, adətən bu cür məlumatların yayılması qlobal siyasətdə müəyyən dəyişikliklərin baş verdiyi dövrlərə təsadüf edir. Biz bunu Wikileaks sənədlərinin yayılmasında, eləcə də koronavirus dövründə ortaya atılan müxtəlif iddialarda da görmüşdük.

Hazırda yayılan bu məlumatlar bir həqiqəti üzə çıxarır: olduqca iyrənc hadisələrin üstü açılır. Bu hadisələrdə iştirak edən şəxslərin və siyasətçilərin siyahısına baxdıqda, müxtəlif ölkələri və tanınmış simaları əhatə edən geniş bir spektr ortaya çıxır. Bununla yanaşı, hesab edirəm ki, bu sənədlərin yayılması Donald Trampın birinci prezidentlik dövründə ona qarşı irəli sürülən oxşar ittihatları da xatırladır.

Həmin vaxt Tramp qadınlara qarşı təcavüz, cinsi istismar və bu kimi iddialar əsasında impiçmentlə üz-üzə qoyulmağa çalışılırdı. Hazırda Epşteyn sənədlərinin açıqlanması, bir daha qeyd etdiyim kimi, ABŞ daxilində siyasi proseslərin yenidən dizayn olunması ilə bağlıdır. Noyabr ayında keçiriləcək aralıq seçkilər də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan, sözügedən məlumatların yayılması daha çox siyasi məqsədlərə xidmət edən bir vasitə kimi qiymətləndirilə bilər.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью