Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, 48 yaşlı qadın yaşadıqlarını The Mirror nəşrinə danışıb.
Papaliya 2021-ci ildə burnunun üzərində əvvəlcə sızanaq hesab etdiyi kiçik bir ləkə müşahidə edib. Yeni əmələ gələn bu törəmə yoxa çıxmasa da, dermatoloq ona narahat olmağa əsas olmadığını bildirib.
Bir neçə il sonra isə həmin nahiyə qanamağa başlayıb. Qadının sözlərinə görə, ləkə dəridən bir qədər qabarıq görünsə də, bunu üzünü çox sürtməsi ilə əlaqələndirib.
“2023-cü ilin iyulunda başqa bir dermatoloqa müraciət edərək "xalı" götürmək istədim”, – deyə Papaliya xatırlayıb.
Lakin yeni həkim biopsiya aparılmasının vacib olduğunu bildirib. Bir neçə gün sonra ona bazal hüceyrəli karsinoma – dəri xərçənginin ən geniş yayılmış növlərindən biri diaqnozu qoyulub. Həkimlər xəstəliyin aradan qaldırılması üçün diametri təxminən 2,5 santimetr olan dəri hissəsinin çıxarılmalı olduğunu bildiriblər.
Əməliyyat zamanı yaralı nahiyəni bağlamaq üçün qadının üzündə yanaq boyunca və çənəyə qədər uzanan kəsiklər aparılıb.
“Ləkənin özü sikkədən də kiçik idi. Amma əməliyyatdan sonra gözümü açanda üzümə 60 tikiş qoyulduğunu gördüm. Bu, mənim üçün çox sarsıdıcı və şokedici idi. Düşünürdüm ki, ömür boyu Frankenşteynə bənzəyəcəyəm”, – deyə o bildirib.
Qadın xəstəliyinin əsas səbəbi kimi həyat tərzini göstərib. Onun sözlərinə görə, illərlə günəşdən qoruyucu krem istifadə etməyib, tez-tez günəş vannası qəbul edib və dəfələrlə günəş yanığı alıb.
Həmidə İbrahimova