Günəşin arxasında Bəsti Əlibəyli yazır

11.09.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bəsti Əlibəyli

Yazıçı, dramaturq Tamara Vəliyeva ədəbiyyata 80-ci illərdə gəlib. Hekayə, povest və pyesləri  dövri mətbuatda, ədəbi almanaxlarda və "Çəlikli qoca" (nəsr, "Yazıçı", Bakı-1990), "Xəyanət" (nəsr, "Nağıl evi", Bakı-2000),  "Məhəbbət ölüncə var" (pyes və resenziyalar "Sabah", Bakı-2001) kitablarında oxuculara təqdim edilib.

Gürcüstanda nəşr edilən "Povest və hekayələr" kitabından ("Qulani" nəş. Tbilisi-2000) ədib gürcü oxucularına da tanışdır. Ötən il qardaş Türkiyədə işığa çıxan "Güneşin arkasında" ("Nestor" yayınları, İstanbul-2025) kitabı da yeni bir uğurdur.

Milli teatr məkanında da yaxşı tanınır yazar. Lirik-psixoloji  pyesləri ("Mənim ağ göyərçinim",  "Cəza") və komediyaları ("Bankir adaxlı", "Mən dəyərəm min cavana") paytaxt teatrları başda olmaqla, ölkənin bir çox dövlət teatrlarında səhnəyə qoyulub. 2000-ci illərin əvvəlindən indiyədək Dövlət Akademik  Musiqili Teatrının repertuarında olan "Bankir adaxlı" komediyasına görə müəllif Azərbaycan Teatr Xadimləri İttifaqının beynəlxalq "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Tamara Vəliyeva ədəbi ənənələrdən, hafizəsindən, xəyal gücündən, yaşantı, müşahidə və xatirələrindən başlayan realist-romantik yazıçıdır. Ədəbi təmayülü, klassik ənənələrə sadiqliyi "Çəlikli qoca" adlı ilk nəsr əsərindən də aydın görünür. Povest civarlarında olan bu böyük hekayə müəllifin nəfəsi, bədii-estetik potensialı, platforması və janr seçimini bəlirləyən əsas mətnlərdən biridir.

Janr seçimi ifadəsini təsadüfi işlətmədik burada.

60-cı illər ədəbiyyatının tanınmış qadın nasirləri Ələviyyə Babayevanın, Xalidə Hasilovanın xələfidir Tamara xanım. Qadınla bağlı mövzularda yazdıqları hekayələrlə məşhurlaşıb sonradan povest və roman janrlarına keçən sələflərindən fərqli olaraq, o, seçimini dəyişməyib hekayələr yazmağa davam etdi.

Nədir bu bağlılığın səbəbi?

Mücərrəd səslənsə də, əsas səbəblərdən biri yazıçıya tanış olan qadın mərkəzli mövzulardır, fikrimizcə. Qadınların iç dünyasını, məişət basqılarını, emosional travmalarını dərindən duyması və bu daimi problemləri birbaşa mövzuya, zaman və məkana fokuslanmaq imkanı verən, birbaşa təsir gücünə malik olan dinamik hekayələrlə daha uğurlu ifadə edəcəyinə daxili inamıdır. Kəsə desək, qırx illik yaradıcılıq təcrübəsi olan bir yazarın özünü, stixiyasını yaxşı tanıyıb bilməsidir.

Müəllifin ötən il Türkiyədə nəşr edilən kitabında yer alan böyük hekayələri ("Günəşin arxasında", "Xəyanət", "Çirkab", "Çəlikli qoca") və minimalist mətnləri ("Sonuncu konsert", "Unudulmuş məhəbbət", "Təbəssüm", "Dul Pəri","Həmidə","Məhruzə", "Samirə" və s.) də bu təxminlərin doğruluğunu təsdiqləyir.

Qadın yazarın mənsub olduğu tərəfin problemlərindən, ağrı və iztirablarından davamlı yazması, onun gender müvəkkili olması anlamına gəlməməlidir. Cins, tərəf ayrımçılığı tanımayan insani və dünyəvi problemlərdir yaşananaların çoxu. Lakin aldanış, xəyanət, atılmaq, sayğısızlıq, istismar, şiddət, mental basqılar güclü cinsdən daha çox, qadının, zəif tərəfin məruz qaldığı ağrılardır. Tamara Vəliyevanın qadın mərkəzli mövzulara daha çox müraciət etməsi də ağrının ağır basdığı tərəfin yanında dayanmasıdır.

Mövzuya intuitiv, mənəvi yaxınlıq bədii mətnin uğurlu həllində əsas vasitə deyil təbii ki. Amma mühüm vasitələrdən biri olması şəksizdir. Digər məsələlərin həlli isə peşəkarlığın üzərinə düşür.

Tamara Vəliyeva bədii yaradıcılıq elmini filoloji təhsili, praktik təcrübəsini sabiq "Yazıçı" Nəşriyyatında çoxillik fəaliyyəti ilə qazanmış bir yazıçıdır. Onun peşəkarlıq yetkisi, üzdən sadə, sakit təsir bağışlayan, kompozisiya bütövlüyü, daxili dramatizmi, mövzuya uyğun temp seçimi ilə funksionallıq, hərəkətlilik qazanıb, oxucunun təxəllüyünü canlandıran irili-xırdalı hekayələrindən də aydın görünür.

Laboratoriya məsələləri önə keçsə də, bir neçə mətn üzərindən bədii atmosferə, məna-məzmun mündəricəsinə də toxunmaq istərdik.

Naxışı heç cür tutmadığından, real həyatla bağları qopan bir qadının daxili monoloqu kimi qələmə alınan "Günəşin arxasında" hekayəsi hər yönüylə müəllifin psixoloji nəsr damğası sayıla bilər.

Qeyri-bərabər yaşlarda yaranan vurğunluqdan, ömürboyu yaddan çıxmayan saf məhəbbətdən bəhs edən və köhnə mövzuya təzə rənglər qatan novella sonluqlu "Çəlikli qoca" ("Bostonlu yaşlı adam") hekayəsi ümumi ədəbiyyatda mövcud olan örnəklərlə müqayisələr aparmağa, mütaliə və təsirlənmə mədəniyyətindən danışmağa geniş qapı açır.

"Çirkab" hekayəsi otuz illik Qarabağ müharibəsinin, bir milyon insanın otuz illik qaçqınlıq faciəsinin, on minlərlə qurbanın, on milyon vətəndaşın və 50 milyonluq bir xalqın yaddaş harayıdır.

Topluda ən duyğusal, ən yüklü mətnlərdən olan və ömrün ikinci baharında doğulan pak məhəbbətdən, tənhalıqdan, insanın insana möhtaclığından bəhs edən "Həmidə" hekayəsi ilahi lütflə yaxalanan hüzurun, mutluluğun şəklidir.

Uşaqlara humanizm hisslərinin, dünyəvi anlayışların, milli heysiyyət və vətənpərvəliyin körpəlikdən aşılanmasını şüuraltı mesajlarla ötürən "Ünsiyyət", "Teymur və mən" hekayələri bütün yaşlar üçün keçərli olmaqla, uşaq ədəbiyyatı toplularını, əyani vəsaitləri zənginləşdirə bilər.

...və tərcümə barədə.

"Günəşin arxasında" kitabını Türkiyə türkcəsinə hazırda qardaş ölkədə teatr aktyoru və rejissor kimi fəaliyyət göstərən sənətçimiz Məlahət Abbasova və Hilmi Zəfər Şahin çevirib. Aydındır ki, birinci tərcümə - uyğulama Məlahət xanıma məxsusdur. Bu səbəbdən, türkiyəli oxuculara təqdim edilən mətnlərin tərcüməsində dualist bir intonasiya hiss edilməkdədir.

Məsələn, çevirmədə leksik baxımdan ortaq türkcəyə yaxın bir dildən istifadə edilməsi müşahidə olunur. Tərcümə prinsipi kimi konseptual xarakter daşımasa da, bu hal yazarın özü haqqında qələmə aldığı bioqrafik qeydlər xaric, bütün bədii mətnlərdə görünür. Fikrimcə, bu cür ikili yanaşma tərcümə prinsipindən daha çox, tərcümə müəlliflərinin öztürkcə və ləhcələri ilə bağlıdır. Təbii ki, bir-birinə yabançı dillərdən tərcümədə bu cür uyğulama məqbul sayıla bilməz. Hər ikisi Oğuz dil qrupuna mənsub olan, leksik tərkibcə bir-biri ilə altmış-yetmiş faiz eyniyyət təşkil edən iki qohum dildən çevirmədə isə vəziyyət dəyişir.

Türkdilli xalqların bir-biri ilə tam anlaşması məqsədi daşıyan ortaq türkcə və Böyük Turan Birliyi kimi milli, strateji hədəflər kontekstində baxıldıqda bu çevirmə də bəlli hədəflərə doğru bir addım sayıla bilər. Lakin qohum dillərdən bədii tərcümə təkcə leksikoloji uyğunluq və məzmun nəqlindən ibarət deyil.

Tərcümə mətninin səviyyəsi beynəlxalq prinsiplərə cavab verməlidir. Yəni orijinal mətnin emosional təsir gücü, yazarın dəsti-xətti, üslubun maksimum səviyyədə qorunması, məcazi dil sisteminin, idiomatik ifadələrin yerində, düzgün işlənməsi vacib şərtlərdəndir. Zahirən eyni olsa da, tam fərqli məna daşıyan sözlər, qohum dillərdəki sintaktik, fonetik, morfoloji fərqliliklər, hal, zaman şəkilçiləri kimi bir çox məsələlər də bu şərtlərə daxildir.

Vurğulamaq istərdim ki, sadalanan problemlər kanonlardan agah olan və Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə roman, hekayə, şeir, Nobel nitqi çevirən bir yazarın öz şəxsi təcrübəsində praktik olaraq hiss edib, üzləşdiyi problemlərdir. Qəti qənaətim budur ki, bizim türkcələrdən bədii tərcümə yabançı dillərdən edilən tərcümələrdən daha çətin, daha məsuliyyətlidir.

Sual oluna bilər, - qeyd edilən prinsiplər və şərtlər "Günəşin arxasında" kitabında həllini tapmışmı?

Kitabda təqdim edilən əsərlərin orijinal mətnləri əldə olmadığından, onları müqayisəli dəyərləndirmək imkansızdır. Oxunaqlı, anlaşıqlı, məzmunu ötürə bilən tərcümə mətni isə ortadadır. Arada azərbaycanlı oxucunun könlünü oxşayan, türkiyəli oxucunu da maraqlandıran şirin ləhcə fərqləri də gözə çarpır. Amma mətnlər birnəfəsə oxunur, - demək istəməzdim. Bu cür pafoslu dəyərləndirməyə heç ehtiyac da yoxdur. Görkəmli fransız yazıçı və nəzəriyyəçisi Milan Kundera "tərcümə su kimi axır", "sanki fransız bir yazıçının yazdığına bənzəyir" kimi dəyərləndirmələri qətiyyən qəbul etməyib deyirdi:  "Heminqueyi fransız yazıçısı kimi oxumaq dəhşətli şeydir. Onun üslubunu fransız bir müəllifdə düşünmək mümkün deyil!"

Bədii tərcümədə, bax, bu məqam, - yazarın dil, üslüb özəlliyinin, təhkiyə sisteminin maksimum qorunub saxlanması bir nömrəli  şərtlərdəndir. Arzu edərdik ki, Azərbaycan yazarı Tamara Vəliyevanın üslubu, bədii potensialı, təhkiyə özəlliyi Türkiyə türkcəsində də qorunub saxlanmış olsun.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью