Güney Azərbaycanda böyük köç dalğası başlaya bilər

04.03.2026

Reyting.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ və İsrailin İrana hücumları nəticəsində hərbi obyektlərlə yanaşı, mülki infrastruktura da ciddi zərər dəyir, dinc insanlar həyatlarını itirirlər. Zərbələr Güney Azərbaycanın yaşayış məntəqələrinə də ziyan vurur, soydaşlarımız həlak olurlar. Müharibə bir qədər də uzanarsa, bu, ən azı ölkə daxilində məcburi köçkünlər ordusunun yaranmasına səbəb ola bilər. Təbii ki, belə bir vəziyyət yaranarsa, Azərbaycan və Türkiyə soydaşlarımızı diqqətdən kənarda qoymayacaqlar.

Siyasi təhlilçi Əli Mustafa “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Güney Azərbaycandakı soydaşlarımızla bağlı kütləvi köç halları ilə rastlaşmayıb. Lakin müharibə uzanarsa və mülki insanlar üçün təhlükə daha ciddi xarakter alarsa, köç dalğası başlaya bilər.

Ə. Mustafa hesab edir ki, istənilən halda Azərbaycan və Türkiyənin İranda yaşayan 50 milyona yaxın soydaşımızla bağlı həssas mövqeyi olacaq:

“İlk növbədə hər hansı humanitar fəlakətin baş verməməsi üçün hazırlıqlı olmalıyıq ki, belə bir hadisə yaşanmasın. Əgər ciddi çətinliklər yaranarsa, soydaşlarımıza dəstək olmaq borcumuzdur. Hazırda isə İran rəhbərliyi kifayət qədər gərgindir. Xüsusilə ali liderin öldürülməsindən sonra emosional qərarların verildiyi müşahidə olunur. Ehtiyatsız deyilən hər söz əlavə gərginlik yarada bilər. Məncə, zaman keçdikcə emosiyalar səngiyəcək və daha praqmatik yanaşma, düzgün qərarlar üçün imkan yaranacaq”.

Əli Mustafa

Onun sözlərinə görə, Güney Azərbaycan türkləri ilə bağlı məsələlərə həssaslıqla yanaşılmalıdır. Əgər narazılıqlar və ya ciddi problemlər ortaya çıxarsa, Azərbaycan və Türkiyə koordinasiyalı şəkildə addımlar atmalıdır:

“Təbii ki, İran siyasi rəhbərliyi ilə müəyyən razılaşmalar çərçivəsində oradakı insanlara humanitar dəstək göstərmək mümkündür. Söhbət yardımın təşkili, insanların əsas ehtiyaclarının qarşılanmasından gedir. Digər tərəfdən, kütləvi qaçqın axını təhlükəsi yaranarsa, onları məhz İran ərazisində qarşılamaq, zəruri və həyati əhəmiyyətli resursları təşkil etməklə dəstək göstərmək variantı nəzərdən keçirilə bilər”, - deyə siyasi təhlilçi əlavə edib.

Ə. Mustafa vurğulayıb ki, böhrandan çıxışın ən doğru yolu müharibənin dayandırılması və tərəflərin danışıqlar masasına qayıtmasıdır:

“Müharibə uzandıqca gərginlik və narazılıq daha da artacaq. Bu halda köç dalğasının baş verməsi ehtimalı yüksəlir. Ən pis ssenari savaşın uzanmasıdır. Əgər müharibə davam edərsə, biz soydaşlarımıza humanitar istiqamətdə necə dəstək verə biləcəyimizi indidən düşünməliyik. Burada söhbət ərzaq, zəruri geyim, çadır və digər əsas ehtiyaclardan gedir. Humanitar fəlakətin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.

Nemət ORUCOV

Reyting.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью