Güney Azərbaycanda ədəbi tənqid, ədəbi dərnəklər və mətbu nəşrlər

16.11.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pərvanə MƏMMƏDLİ

Tarix göstərir ki, siyasi sistemlər dəyişə bilər, ideologiyalar transformasiya oluna bilər, lakin dil və mədəni yaddaş daha davamlıdır. Ədəbiyyat da məhz bu mədəni yaddaşın ifadəsi kimi yaşayır və inkişaf edir.

Güney Azərbaycan ədəbiyyatındakı boşluq istedad çatışmazlığından yaranmır. Problem ana dilində təhsilin, peşəkar kadrların, davamlı nəşrin və ədəbi qurumların olmamasındadır. Yazıçılar eyni zamanda müəllim, naşir, redaktor, aktyor və təşkilatçı rolunu yerinə yetirməyə məcbur qalırlar. Bu çoxşaxəli fəaliyyət milli mədəniyyətə bağlılığın göstəricisi olsa da, peşəkarlığın formalaşmasını çətinləşdirir

Güneydə dil və ədəbiyyatın  inkişafı və formalaşması üçün ana dilində məktəblərin açılması, ədəbi dilin elmi əsaslarla öyrədilməsi, araşdırma mərkəzlərinin yaradılması və peşəkar ədəbi tənqidin formalaşdırılması vacibdir. Lakin bunlardan əvvəl cəmiyyətdə ana dilinə və milli kimliyə şüurlu münasibət yaranmalıdır. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil. O, ədəbiyyatın, tarixi yaddaşın və milli düşüncənin əsas daşıyıcısıdır.

Güneyimizdə artıq peşəkar tənqidçi nəsli yaranmaqdadır. Onlardan biri də tanınmış şair və tənqidçi Hümmət Şahbazidir. 

Güney Azərbaycan ədəbi mühitində tənqid çox zaman ayrı-ayrı müəllif və əsərlər haqqında ümumi dəyərləndirmə , ağırlama, xatirə səviyyəsində qalır. Hümmət Şahbazi isə  ədəbi cameədə tənqidi və nəzəri düşüncənin ardıcıl gəlişməsində çaba göstərən müəlliflərdəndir.  H.Şahbazi ədəbi hadisəni terminoloji və nəzəriyyə vasitəsilə izah etməyə, Azərbaycan ədəbiyyatını modernizm  və postmodernizm kimi beynəlxalq nəzəri diskurslarla əlaqələndirməyə çalışır. Onun son kitablarının başlıca elmi əhəmiyyəti də buradadır.

Şair kimi də tanınmasına baxmayaraq, onun yaradıcılığında əsas ağırlıq ədəbi tənqid və nəzəri araşdırmaların üzərinə düşür. H.Şahbazinin elmi maraq dairəsi çağdaş şeir və nəsrdən modernizm və postmodernizm nəzəriyyələrinə qədər geniş bir alanı qapayır.

Onun “Çağdaş Azərbaycan şeirinin tənqidi”, “Hekayənin imkanları”, “Modernitə və modernlik”, “Hekayənin imkanları (bir hekayə, bir tənqid)”, iki cildlik “Azərbaycan şeirində modernizm” kimi əsərləri bu istiqamətdə uzun illər davam edən axtarışların nəticəsidir. Xüsusilə son dövrdə nəşr etdirdiyi “Təhkiyə quruluşu (Azərbaycan nəsri əsasında)” (2023) və “Postmodernizmin durumu” (2024) müəllifin nəzəri ədəbiyyata marağının daha sistemli xarakter aldığını göstərir.

“Təhkiyə quruluşu (Azərbaycan nəsri əsasında)” Şahbazinin nəsr nəzəriyyəsi sahəsində apardığı araşdırmaların nəticəsidir. Müəllif bədii mətni daxili münasibətlər sistemi kimi nəzərdən keçirir; başlanğıc, inkişaf, kulminasiya və sonluğun mətn daxilində necə təşkil olunduğunu araşdırır.

Bu yanaşma Güney Azərbaycan ədəbi tənqidi baxımından xüsusilə əhəmiyyətlidir. Çünki burada ənənəvi “əsər nə haqqındadır?” sualından “əsər necə qurulub?” sualına keçid baş verir. Başqa sözlə, ideya və məzmunun təsvirindən mətnin mexanizminin araşdırılmasına doğru hərəkət edilir.
Şahbazi təhkiyənin tarixini də yalnız çağdaş hekayə və romanla məhdudlaşdırmır. Şifahi xalq ədəbiyyatından gələn rəvayət formaları ilə müasir nəsr arasında əlaqələr axtarır, klassik hekayət, nağıl, ağı və satirik söyləm formalarından müasir hekayə və romana qədər təhkiyə üsullarının dəyişməsini izləyir. Daha maraqlısı budur ki, təhkiyə anlayışı bədii ədəbiyyatın sərhədlərindən çıxarılaraq xatirə, gündəlik, film, jurnalistika və media mətnlərinə qədər genişləndirilir.

Bu baxımdan “Təhkiyə quruluşu” Şahbazinin əvvəlki tənqidi fəaliyyətinin məntiqi davamıdır. 

Onun “Postmodernizmin durumu”  kitabıi sə mahiyyət etibarilə fərqli xarakter daşıyır. Kitab postmodernizm haqqında müxtəlif müəlliflərin yazılarının Azərbaycan türkcəsinə çevrilmiş və uyğunlaşdırılmış mətnlərindən təşkil olunub. Onun dəyəri də ilk növbədə postmodernizm ətrafında dünya nəzəri fikrində gedən əsas mübahisələri Güney Azərbaycan oxucusuna ana dilində çatdırmaq cəhdindədir. 

Topluda modernizm və postmodernizmin müqayisəsi, çoxsəslilik, ironiya, parodiya, oyun prinsipi, mətn və gerçəklik münasibətləri kimi postmodern nəzəriyyənin əsas problemlərinə toxunulur. Fransua Liotar, Duqlas Kellner, Umberto Eko və başqa nəzəriyyəçilərin yanaşmalarının təqdim edilməsi kitabı bir növ nəzəri mənbələr toplusuna çevirir . Əsərin nəşr tarixçəsi də Güney Azərbaycanda ana dilində nəzəri kitab çapının hansı çətinliklərlə qarşılaşdığını göstərən səciyyəvi faktdır. Şahbazinin qeydlərinə görə, bu istiqamətdə hazırlanan kitablar hələ 1389–1390-cı (2010-2011) illərdə nəşr icazəsi üçün təqdim edilmiş, “Postmodernizmin durumu” isə Əhmədinejad, Ruhani və Rəisi prezidentlikləri dövrünü keçdikdən sonra nəhayət çap icazəsi ala bilmişdir. Bu fakt kitabın təkcə nəzəri deyil, Güney Azərbaycan türkcəsində elmi fikrin nəşr və dövriyyə problemləri baxımından da müəyyən əhəmiyyət daşıdığını göstərir.

Bu iki kitab birlikdə nəzərdən keçirildikdə Şahbazinin son dövr fəaliyyətinin iki əsas istiqaməti aydın görünür. “Təhkiyə quruluşu”nda nəzəri metod Azərbaycan nəsrinin öyrənilməsinə tətbiq edilir; “Postmodernizmin durumu”nda isə dünya humanitar fikrinin mühüm nəzəri mübahisələrinin Azərbaycan türkcəsində elmi dövriyyəyə gətirilməsinə çalışılır. Bu kitablar onun əvvəlki araşdırmalarında başlanmış nəzəri xəttin davamıdır və Güney Azərbaycan ədəbi tənqidində müasir nəzəri terminologiyanın və  düşüncənin və Qərb ədəbiyyat nəzəriyyəsinin mənimsənilməsi istiqamətində diqqətəlayiq təşəbbüslər kimi təqdirəlayiqdir.

Leyla Rahimi Bahmaninin “Azeri Turkish Narratives in Twentieth-Century Iran: Resisting Monolingualism” (“XX əsrdə İranda Azəri-türkcəsində nəsr: Təkdilliliyə müqavimət”) kitabı 2025-ci ildə Edinburqda nəşr olunmuşdur. Kitabın ingiliscə nəşri Güney Azərbaycan nəsrini Qərb oxucusuna tanıtmaq baxımından faydalıdır. Təbriz əsilli, hazırda Almaniyada pedoqoji fəaliyyətlə məşğul olan müəllif bundan əvvəl əsasən İran ədəbiyyatı ilə bağlı araşdırmalar aparmışdır.

Bununla belə, mövzunun az öyrənilməsi tədqiqatı tənqiddən azad etmir; əksinə, onun istifadə etdiyi anlayışlara və gəldiyi nəticələrə daha diqqətlə yanaşmağı tələb edir. İlk növbədə, müəllifin Güney Azərbaycan ədəbiyyatının bu kitabda ilk dəfə sistemli şəkildə araşdırılması təəssüratı yaratması tarixi-elmi reallıqla uzlaşmır. Ən azından bu iş 50 il əvvəl onun öz həmyerlisi Səkinə Birincian tərəfindən görülmüş “Azeri and Persian Literary Works in Twentieth Century Iranian Azerbaijan”,1988,Berlin)və bu sahəni araşdıran ingilisdilli alimlərin masaüstü kitabına çevrilmişdir.
Digər mühüm məsələ əsərin konseptual mövqeyidir. Kitabın terminologiyasında, o cümlədən “azəri” anlayışının işlədilməsində İran mərkəzçi elmi-ideoloji ənənəsinin təsiri hiss olunur 

Terminoloji baxımdan “Azeri Turkish” ifadəsi də mübahisəlidir. Ötən əsrdə bu termin işlənsə də, artıq elmi dövriyyədən çıxarılıb. “Azərbaycan türkcəsi” termini dilin tarixi və özünüadlandırma ənənəsini daha dəqiq ifadə edir.

İkinci mühüm problem siyasi tarixlə ədəbiyyat tarixinin bəzən eyniləşdirilməsidir.

Əsərin daha ciddi metodoloji zəifliyi Güney Azərbaycan nəsrinin böyük ölçüdə siyasi müqavimət və kimlik prizmasından oxunmasıdır. 
Ana dilində yazmaq siyasi məna daşısa da, hər bir bədii mətnin məzmununu milli-siyasi müqavimətə müncər etmək olmaz. Belə yanaşma fərdi insan təcrübəsini, psixoloji konfliktləri və mətnin estetik xüsusiyyətlərini arxa plana keçirir.

“Kiçik ədəbiyyat” nəzəriyyəsinin Azərbaycan türkcəsində yaranmış ədəbiyyata tətbiqi də kifayət qədər əsaslandırılmamış görünür. Delöz və Qvattarinin dominant dil daxilində yaranan ədəbiyyata aid nəzəri modelinin öz ana dilində yazılan, həmin dilin yazılı imkanlarını qorumağa çalışan Güney Azərbaycan ədəbiyyatına birbaşa tətbiqi metodoloji suallar doğurur.

Müəlliifin Başqa bir yanaşması da Əli Təbrizlinin “Şah İsmayıl” romanının “pantürkçülük” və “turançılıq” anlayışları ilə səciyyələndirilirməsidir.
Monoqrafiyanın strukturunda da qeyri-bərabərlik nəzərə çarpır. 1940-cı illər geniş və ətraflı araşdırıldığı halda, sonrakı mərhələlər eyni dərinlikdə təhlil edilmir; 

Beləliklə, Rəhmaninin Güney Azərbaycan nəsrinin beynəlxalq elmi dövriyyəyə çıxarılması baxımından əhəmiyyətlidir. Lakin əvvəlki tədqiqatların yetərincə nəzərə alınmaması, yenilik iddialarının mübahisəliliyi, siyasi şərhin bədii  təhlili üstələməsi, bəzi nəzəri anlayışların mexaniki tətbiqi və terminoloji qeyri-dəqiqliklər monoqrafiyanın elmi nəticələrinə ehtiyatla yanaşmağı tələb edir.

Azərbaycan türklərinin mədəni fəaliyyəti son onilliklərdə əsasən ədəbiyyat və dil sahəsində özünü göstərib. Bu fəaliyyət çox vaxt siyasi layihə kimi deyil, mədəni özünütəsdiq forması kimi ortaya çıxıb. Mədəni dərgilər, ədəbi toplantılar və tədqiqat təşəbbüsləri bu prosesin əsas özəyini təşkil edib. “Varlıq” kimi nəşrlər bu baxımdan xüsusi rol oynayıb və Azərbaycan dilində ədəbi və elmi fəaliyyətin davamlılığını təmin edən mərkəzlərə çevrilib.

Güney Azərbaycanda Vahid Yazarlar birliyi olmasa da, müxtəlif şəhərlərdə ədəbi dərnəklər  və klublar fəaliyyət göstərir. İranboyu ölkənin müxtəlif şəhər və qəsəbələrində Azərbaycan ədəbiyyat ocaqları var. Bu dərnəklərdə yetişən bir çox şair və yazıçılar bu gün ədəbi mühitin tanınmış simalarıdır.

Dərnəklərin bir çoxu uzun illərdir Azərbaycan ədəbiyyat və mədəniyyətinin mühüm mərkəzlərinə çevrilmişdir. Bu ocaqları yaradan və onlara rəhbərlik edən sənətkarlar isə Azərbaycan mədəniyyətinin fədakar xidmətçiləridir.

Təkcə Tehranda və onun ətrafında yaşayan azərbaycanlılar arasında, eləcə də Azərbaycanın müxtəlif şəhərlərində “Sabir ədəbi əncüməni”, “Səhər ədəbi-mədəni dərnəyi”, “Azərbaycan ədəbiyyat ocağı”, “Xudafərin ədəbi əncüməni”, “Dədə Qurbani ədəbi əncüməni”, “Araz ədəbi əncüməni”, “Qaradağ ədəbi əncüməni”, “Çiçəklər quruluşu”, “Mavi çiçəklər dərnəyi”, “Ustad Şeyda ədəbi əncüməni”, “Çənlibel dərnəyi”, “Bulaq dərnəyi”, “Yaşmaq dərnəyi”, “Həkim Nəbati ədəbi əncüməni”, “Təbriz musiqi əncüməni”, “El bilimi müəssisəsi” və Təbrizdə fəaliyyət göstərən “Muğan”, “Yeni Təbriz”, “Hafiz Füzuli” və başqa ədəbi dərnəklər bu ocaqların ən tanınmışlarıdır.

Türkiyəli fikir adamı və ədəbiyyatçı  Cemil Meriç mətbuatı “azad düşüncənin qalaları” adlandırırdı. Bu fikir Güney Azərbaycan mətbuatının tarixi və müasir funksiyasını dəqiq ifadə edir. Qəzet, jurnal, televiziya və elektron platformalar yalnız gündəlik məlumat ötürmür; ədəbi dilin formalaşmasına, mədəni yaddaşın qorunmasına, müəlliflərin tanıdılmasına və milli kimlik düşüncəsinin davamlılığına xidmət edir. Buna görə də Güney Azərbaycan mətbuatını sadəcə nəşrlərin siyahısı kimi deyil, ədəbiyyatla ictimai fikri birləşdirən bütöv bir mədəni sistem kimi qiymətləndirmək lazımdır.

Bu sistem dörd əsas mühitdə fəaliyyət göstərir: İranda rəsmi qeydiyyat və senzura şəraitində çalışan regional nəşrlər; ölkə daxilində yaranan ədəbi saytlar, elektron dərgilər və şəxsi arxivlər; Avropa və Amerikadakı siyasi-mədəni mühacirət mediası; nəhayət, Azərbaycan və Türkiyədə Güney ədəbiyyatını ümumtürk ədəbi dövriyyəsinə daxil edən nəşr və yayım qurumları. Bu qolların hər biri fərqli auditoriyaya müraciət etsə də, onları ana dili, mədəni hüquqlar, tarixi yaddaş və ədəbi irs kimi ortaq mövzular birləşdirir.

İrandakı mədəni və hüquqi məhdudiyyətlər həmin mətbuatın məzmununa birbaşa təsir göstərir. 2025-ci ilin ilk dörd ayında azı 19 yazıçı, şair və mədəni fəal saxlanılmış, istintaqa çağırılmış və ya mühakimə edilmişdi. Ana dili, etnik ayrı-seçkilik və ekoloji problemlərdən yazan müəlliflərin daha sərt nəzarətlə üzləşməsi ədəbi-mədəni fəaliyyətlə vətəndaş mövqeyi arasındakı sərhədi xeyli daraldır. 2025-ci ilin sonunda genişlənən etirazlar zamanı internetin məhdudlaşdırılması və qapalı “milli internet” modelinin gücləndirilməsi də nəşr, paylaşım, təşkilatlanma və diasporla əlaqə imkanlarını zəiflətmişdi. Belə şəraitdə mətbuat həm informasiya vasitəsi, həm də mədəni varlığın müdafiə mexanizmi kimi çıxış edir.

Elektron mühitdə “İşıq” – ishiq.net ayrıca əhəmiyyət daşıyır. 2011-ci ildə yaradılan və baş redaktoru Eldar Muğanlı olan sayt Azərbaycan türkcəsi və fars dilində fəaliyyət göstərir. Güney Azərbaycan ədəbi mühitində yalnız bədii mətn dərc etməklə  yanaşı dil, yaddaş və mədəni kimliyi qoruyan canlı arxiv funksiyası daşıyır. 

Saytda poeziya aparıcı mövqedə olsa da, hekayə, tərcümə, folklor, xatirə, kitab, müsahibə və ədəbi-publisistik yazılar da prosesin müxtəlif istiqamətlərini əks etdirir. Ana dili, milli yaddaş, azadlıq, qadın təcrübəsi və ədəbiyyat–siyasət münasibəti əsas mövzular kimi görünür. Tənqidi yazıların çoxu elmi-müqayisəli təhlildən çox təqdimat, təqdir və ümumi mülahizə səviyyəsində qalır. İşıq.net-in ən böyük uğuru yetkin tənqid məktəbi yaratması ilə yanaşı ədəbi çevrələri bir araya gətirməsidir

İrandaxili ədəbi-mədəni mətbuatın ən mühüm dayaqlarından biri “Varlıq” dərgisi olub. Cavad Heyətin 1979-cu ildə Tehranda yaratdığı dərginin ilk redaksiya çevrəsinə Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi Sönməz, Səməd Sərdariniya və Qulamrza Bigdeli daxil idi. “Varlıq” yalnız bədii mətn çap edən bir dərgi olmadı; yazılı ədəbi dilin sabitləşməsi, milli elmi terminologiyanın yaradılması, folklorun və klassik irsin tədqiqi baxımından   Güney Azərbaycan mədəniyyətinin əsas institutlarından birinə çevrilmişdir.

2003-cü ildə Tehranda Behzad Behzadi və Həsən Riyazi İldırım tərəfindən yaradılmış “Azəri” dərgisi isə bir müəllif və ya problem ətrafında monoqrafik xüsusi saylar hazırlaması ilə seçilir; onun ədəbi katibi də Eldar Muğanlıdır.

1998-ci ildə yaradılmış “Nəvid-e Azərbaycan”ın məsul müdiri Mehran Təbrizidir. Redaktoru  Nəzəri olub. Nəşr və onun elektron kanalı, Urmiya gölü, milli tarix, Pişəvəri, ana dili və ədəbiyyat mövzularını da  işıqlandırır. Bu xüsusiyyət regional mətbuatda ədəbi-mədəni mövzuların ictimai həyatdan ayrılmadığını göstərir.

Akademik istiqaməti “Azərbaycan və Türk Tarixi Araşdırmaları” rüblüyü təmsil edir. 2023-cü ildə Urmiyada nəşrə icazə alan türkcə, farsca və ingiliscə elmi dərginin sahibi, məsul müdiri və baş redaktoru Tohid Məlikzadə Dilmaqanidir; Tarix, etimologiya, ədəbi tarix, aşıq yaradıcılığı, toponimika və türkologiya üzrə araşdırmalara yer verməsi onu operativ mediadan fərqləndirir. Dərginin əsas üstünlüyü Güney Azərbaycan mövzusunu cari polemikanın hüdudlarından çıxarıb elmi dövriyyəyə daxil etməsidir.

Türkiyədə şair-jurnalist Məsud Harayın yaratdığı “Harayhaber” Güney Azərbaycan, İran, türk dünyası, siyasi məhbuslar, Urmiya gölü, ana dili, kitab və müəllif təqdimatlarına yer verir, xüsusən “Güney Edebiyatı” bölməsi ilə seçilir.

Araşdırıcı-jurnalist Aynur İmranın yaratdığı “Azərbaycan dərgisi” tarix, siyasət, mədəniyyət, ana dili, kimlik və insan haqları mövzularını operativ şəkildə işıqlandırır; onun digər layihəsi olan “Turkuaz TV” yazılı materialları müsahibə və verilişlərlə tamamlayaraq auditoriyanı genişləndirir.
 İstanbulda 2024-cü ildən say ardıcıllığı görünən aylıq “Kültürel Azerbaycan” dərgisi də Azərbaycan–Türkiyə münasibətləri, Güney Azərbaycan, tarix, kimlik və türk dünyası üçün xüsusi tribuna rolunu oynayır. Dr. Həmid Şehanegi İstanbulda apardığı fəaliyyətində əsas yeri ədəbiyyat və mədəniyyət məsələlərinə verir. Şehaneginin fəaliyyət göstərdiyi Güney Azərbaycan Strateji Araşdırmalar Mərkəzi - SACSS isə bu mədəni xətti elmi və analitik araşdırmalarla tamamlayır. Heç bir dövlətə və siyasi quruma bağlı olmadığını bildirən mərkəz milli kimlik, mədəniyyət, media, insan hüquqları və beynəlxalq münasibətlər üzrə müstəqil tədqiqatlar aparmağı qarşısına məqsəd qoyur.

Audiovizual sahədə GünAz TV mühüm yer tutur. Əhməd Obalının qurduğu televiziya Güney Azərbaycan məsələsini beynəlxalq siyasət və təhlükəsizlik müzakirələri ilə əlaqələndirməklə yanaşı, dil, ədəbiyyat və mədəniyyət üçün davamlı yayım məkanı yaradıb. Kanalın əsas qurucusu və rəhbəri Əhməd Obalının özü də efirdə və müxtəlif proqramlarda siyasi-ictimai prosesləri şərh edən əsas simalardan biridir.Kanalın “Güney Azərbaycan”, “Azərbaycan Respublikası”, “Mədəniyyət”  və b. bölmələri regional məsələləri vahid informasiya çərçivəsində təqdim edir. GünAz TV-nin əsas xidməti senzura şəraitində xəbər, dil və milli yaddaş üçün davamlı audiovizual məkan yaratmasıdır.

GünAz TV öz ətrafında Güney Azərbaycan məsələsini dərindən bilən peşəkar jurnalistlərlə yanaşı, şair, yazıçı, araşdırmaçı və publisistləri də birləşdirə bilmişdir. Kanalın proqramlarında Əhməd Obalı,Məsud Haray, Məhəmməd Rəhmanifər, Araz Obalı, Pınar Şakir. İnsafəli Hidayət,  Sadiq İsabəyli, Cavad İsmayılbəyli , Araz Yurdsevər, Məhsa Mehdili, Daryuş Əfşari, Adil Minbaşı, Elyar Makuyi ,Mehdi Nəimi və b.verilişləri aparır və başqa tanınmış qələm və söz adamları müntəzəm çıxış edirlər.

Qeyd edək ki, GünAz TV-nin verilişlərinin böyük hissəsi Bakı, Avropa və ABŞ studiyalarından yayımlandığı üçün proqramlar tez-tez dəyişən qonaq və moderator formatında təqdim olunur.

Bu müəlliflərin hər biri Güney Azərbaycan məsələsinə fərqli istiqamətdən yanaşır. Məsud Haray publisistik və siyasi təhlillərində milli kimlik, ədəbiyyat, ana dili və çağdaş ictimai proseslərə daha geniş yer verir. Məhəmməd Rəhmanifər tarixi hadisələri, milli hərəkatı və ictimai fikrin inkişaf mərhələlərini ardıcıl şəkildə şərh edir. Pınar Şakir,Məhsa Mehdili və b. media, qadın, milli kimlik və ictimai proseslərə dair məsələləri diqqətə çatdırır. Araz Obalı,İnsafəli Hidayət,  Sadiq İsabəyli , Elyar Makuyi, Mehdi Nəimi diaspor fəaliyyəti və siyasi publisistika, Güney Azərbaycan mövzusunun təqdimatı baxımından seçilir.

Bu çıxışlar yalnız gündəlik siyasi hadisələrin şərhi ilə məhdudlaşmır. Proqramlarda Güney Azərbaycanın tarixi, ədəbiyyatı, mədəni irsi, ana dili, milli hüquqları, təhsil problemləri, siyasi məhbuslar, Urmiya gölünün ekoloji vəziyyəti və İranın milli azlıqlara münasibəti müxtəlif aspektlərdən təhlil olunur. Tarixi faktların, arxiv materiallarının, ədəbi nümunələrin və şəxsi müşahidələrin birlikdə təqdim edilməsi verilişlərin maarifləndirici təsirini artırır. Beləliklə, rəsmi informasiya məkanında kölgədə saxlanılan və ya birtərəfli təqdim edilən bir çox məsələ geniş auditoriyaya çatdırılır.
GünAz TV-nin mühüm cəhətlərindən biri də müxtəlif ölkələrdə yaşayan güney azərbaycanlı ziyalılar arasında fikir və informasiya əlaqəsi yaratmasıdır. Kanal bu insanların bilik və təcrübəsini vahid platformada birləşdirərək həm Güney Azərbaycan cəmiyyətini məlumatlandırır, həm də onun tarixini, ədəbiyyatını və milli-mədəni problemlərini beynəlxalq auditoriyaya təqdim edir. 

2025-ci ildə “Mədəniyyət” arxivində təxminən 77 material yer alıb. Bu materiallar şeir, kitab və incəsənətlə məhdudlaşmır; ana dilində təhsilin qarşısındakı maneələr, türkcə kitabların qadağan edilməsi, nəşriyyatlara təzyiq, tarixi abidələrin dağıdılması, teatr, sənədli film, aşıq sənəti və mədəniyyət xadimlərinin irsi də ardıcıl şəkildə işıqlandırılır. GünAz TV-nin əsas xidməti senzura şəraitində xəbər, dil və milli yaddaş üçün davamlı audiovizual məkan yaratmasıdır.

Mühacirət mediası ölkə daxilində səsləndirilməsi çətin olan mövzular üçün daha sərbəst tribuna yaradır. 1997-ci ildən Stokholmda fəaliyyət göstərən və baş redaktoru Əlirza Ərdəbili olan “Tribun” siyasi-mədəni platforması demokratiya, milli hüquqlar, dil, İran müxalifəti, Urmiya gölü və “Traktor” mövzularını işləyir. 

Türkiyə və Kanada mərkəzli nəşrlər Güney Azərbaycan ədəbiyyatını daha geniş türk və beynəlxalq auditoriyasına çatdırır. 

Torontoda Azərbaycan Post” qəzeti Azərbaycan və türk icmalarına yönəlmiş diaspor mediasıdır. 2008-ci ildən fəaliyyətə başlayan qəzetin baş redaktoru Yaşar Əli Pooralidir. Saytın rubrikalarında xəbər, təhlil, dil və ədəbiyyat, tarix, folklor, incəsənət, müsahibələr və kitablar yer alır. Yanaşı olaraq yenə də Toronto şəhərində beynəlxalq, resenziyalı “TURUK” dərgisi həmin heyətdə humanitar və ictimai elmlər, tarix, dil, ədəbiyyat və mədəniyyət üzrə məqalələr dərc edir; dərgi ISSN, DOI, indeks məlumatlarına malikdir. 

Bu mətbuat şəbəkələrinin gücü coğrafi sərhədləri aşması, yazılı və audiovizual vasitələri birləşdirməsi, ana dili ilə ədəbi yaddaşı siyasi təzyiq şəraitində yaşatmasıdır. Bununla belə, ciddi çatışmazlıqlar da qalır: materialların sistemli arxivləşdirilməsi zəifdir, bir çox nəşr fərdi təşəbbüsdən həddən artıq asılıdır, mənbə və müəllif məlumatları həmişə tam verilmir, operativ siyasi xəbər bəzən ədəbi tənqidi və elmi təhlili kölgədə qoyur. Eyni müəllif və mövzuların müxtəlif platformalarda təkrar təqdimatı da ümumi mənzərəni genişləndirmək əvəzinə daralda bilir.

Buna görə gələcək fəaliyyət üçün rəqəmsal arxivlərin yaradılması, müəllif və nəşr biblioqrafiyalarının hazırlanması, türkcə mətnlərin keyfiyyətli redaktəsi, elmi istinadların gücləndirilməsi və İran–Azərbaycan–Türkiyə–Avropa diaspor platformaları arasında müntəzəm əməkdaşlıq xüsusilə vacibdir.

Bu sahədə xüsusi qeyd edilməli elektron mənbələrdən biri də Turuz.com saytıdır. Qurucusu Bəy Hadidir. Sayt Azərbaycan tarixi, dili, ədəbiyyatı, folkloru, mətbuat tarixi və ümumən türkologiya ilə bağlı olduqca zəngin kitab arxivini özündə birləşdirir. Burada həm keçmişdə nəşr edilmiş və artıq əldə olunması çətinləşən kitablar, həm də müasir dövrün elmi və ədəbi nəşrləri bir araya toplanmışdır. Müxtəlif ölkələrdə və fərqli əlifbalarda çap olunmuş çoxsaylı əsərlərin vahid elektron məkanda təqdim edilməsi tədqiqatçılar, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün mühüm imkan yaradır. Xüsusən nadir kitabların rəqəmsallaşdırılması və qorunması baxımından Turuz.com-un gördüyü iş böyük zəhmətin məhsuludur. Sayt yalnız elektron kitabxana deyil, eyni zamanda Azərbaycan və türk dünyasının yazılı yaddaşını qoruyan qiymətli rəqəmsal arxiv funksiyasını yerinə yetirir.

Bununla belə, Güney Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı mətbuatın mənzərəsi burada adları çəkilən nəşr və platformalarla məhdudlaşmır. Güney Azərbaycanın özündə, Azərbaycan Respublikasında, Türkiyədə, Avropa və Amerikanın müxtəlif ölkələrində bu mövzuda fəaliyyət göstərən başqa qəzet və jurnallar, elektron saytlar, fərdi müəllif səhifələri və Telegram kanalları da mövcuddur. Onların bir qismi ədəbi əsərlərin, kitabların və yeni müəlliflərin tanıdılmasına, digər qismi isə ana dili, tarix, milli kimlik, mədəni hüquqlar və ictimai-siyasi proseslərin işıqlandırılmasına üstünlük verir. Bu platformaların hamısını bir yazı çərçivəsində əhatə etmək mümkün olmadığından, hazırkı icmal yalnız əsas və səciyyəvi nümunələr üzərində qurulmuşdur. Adı çəkilməyən nəşrlər, elektron saytlar və Telegram kanalları isə ayrıca və daha geniş araşdırmanın mövzusu olaraq növbəti mərhələyə saxlanıla bilər

Beləliklə, Güney Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı mətbuat parçalanmış coğrafiyada fəaliyyət göstərsə də, ortaq mədəni yaddaş yaradan vahid bir informasiya və fikir məkanıdır. “Varlıq”dan elektron ədəbi saytlara, Urmiya qəzetlərindən elmi rüblüklərə, GünAz TV-dən Türkiyə və Avropadakı diaspor platformalarına qədər bu şəbəkə dilin, ədəbiyyatın və tarixi yaddaşın davamlılığını təmin edir. Onun gələcək təsiri yalnız siyasi hadisələri nə qədər operativ işıqlandırması ilə deyil, ədəbi-mədəni irsi nə dərəcədə sistemli, elmi və etibarlı şəkildə qoruyub yeni nəsillərə çatdırması ilə müəyyən olunacaq.

Ümumi ictimai-ədəbi nəticə

1. Ana dili artıq ədəbi keyfiyyət və təhsil institutu məsələsidir.

2. Güney-Quzey bütövlüyü coğrafi-siyasi birlikdən çox, ortaq dil və ədəbi yaddaş kimi əsaslandırılır.

3. Yeni nəsr açıq çağırışdan psixoloji yaddaş, travma və gündəlik həyatın təsvirinə keçir.

4. Poeziyada milli müqavimət sürgün, oğurlanmış tarix, susdurulmuş dil kimi estetik obrazlarla ifadə olunur.

5. Mətbuatın dili regiona görə dəyişir: Azərbaycan “ortaq ədəbiyyat”, Türkiyə “Türk dünyası və milli təmsilçilik”,  Avropa isə “azlıq dili, monolinqvizmə müqavimət, sürgün və qadın hüquqları” çərçivəsindən çıxış edir.

Sosial böhranlar və insan taleyi kimi mövzular ədəbiyyatda daha çox yer almağa başlayır. Bu baxımdan ədəbiyyat cəmiyyətin psixoloji vəziyyətini əks etdirən mühüm sahədir.

Nəticə etibarilə, İran daxilində Azərbaycan ədəbiyyatı yalnız milli kimliyin ifadəsi deyil. O, həm İran cəmiyyətinin sosial və mədəni həyatının bir hissəsidir, həm də daha geniş türk mədəniyyət məkanı ilə əlaqədə olan ədəbi prosesdir. Bu çoxqatlı xarakter onun həm gücünü, həm də mürəkkəbliyini müəyyən edir.

Azərbaycan ədəbiyyatının gələcəyi isə əsasən mədəni mühitin davamlılığından asılıdır. Dilin yaşaması, yeni nəsil yazıçıların meydana çıxması və mədəni institutların fəaliyyət göstərməsi bu prosesin əsas şərtləridir.

Güney Azərbaycanda ədəbi prosesin inkişafına təsir göstərən əsas amillərdən biri ana dilində kitabların nəşri qarşısında mövcud olan maneələrdir. Nəşriyyatlara və ayrı-ayrı əsərlərə qoyulan məhdudiyyətlər uzun illərdir davam etsə də, bu vəziyyət milli ziyalıların fəaliyyətini dayandırmayıb. Əksinə, müəlliflər və naşirlər müxtəlif imkanlardan istifadə etməklə ana dilində ədəbiyyatın yaşamasına və yayılmasına çalışırlar.

Naşir Bəhram Əsədinin verdiyi məlumat bu vəziyyətin miqyasını konkret şəkildə göstərir. Onun hazırladığı “Urmu şairləri ensiklopediyasın”ın doqquz cildindən yalnız bir cildi çap icazəsi ala bilib, səkkiz cild isə nəşr olunmayıb. Nəşriyyata təqdim edilmiş 14 cildlik uşaq ədəbiyyatı seriyasından cəmi iki cild çap edilib, qalan 12 cild nəşrdən kənarda qalıb. Azərbaycan folkloru, vücudnamələr və “Dədə Qorqud”la bağlı hazırlanmış bəzi kitabların da çapına icazə verilməyib. Bu faktlar göstərir ki, nəşr problemi yalnız siyasi məzmunlu əsərlərlə məhdudlaşmır; folklor, klassik irs və uşaq ədəbiyyatı kimi sahələri də əhatə edir.

Son illərdə internet və sosial media bu məhdudiyyətlərin təsirini müəyyən qədər zəiflədib. Çap imkanı qazanmayan mətnlər elektron formada yayılır və qısa müddətdə müxtəlif ölkələrdə yaşayan oxuculara çatır. Bununla belə, elektron yayım kitab nəşrini tam əvəz edə bilmir. Kitabın ədəbi-mədəni dövriyyədə qalması, kitabxanalara daxil olması, gələcək nəsillərə ötürülməsi baxımından ənənəvi nəşrin əhəmiyyəti davam edir.

Məhdudiyyətlərə baxmayaraq, son onilliklərdə Güneydə nəşr və tərcümə sahəsində nəzərəçarpacaq işlər görülür. Bu istiqamətdə diqqət çəkən müəlliflərdən biri Elyar Poladdır. Onun 60-a yaxın kitab üzərində fəaliyyəti, xüsusilə Quzey Azərbaycan və dünya ədəbiyyatından əsərlərin Güney oxucusuna çatdırılması nəsr sahəsində mövcud boşluğu müəyyən qədər doldurmaq cəhdi kimi qiymətləndirilə bilər.

Ümumiyyətlə, son 20-30 ildə Güneydə nəsrə marağın artdığı müşahidə olunur. Quzey Azərbaycanın tanınmış yazıçı və şairlərinin əsərlərinin böyük bir qisminin Güneydə nəşr edilməsi də ortaq ədəbi məkanın formalaşmasına xidmət edir. Digər mühüm hadisə vaxtilə fars dilində yazmış azərbaycanlı müəlliflərin əsərlərinin Azərbaycan türkcəsinə çevrilməsidir. Qulamhüseyn Saidi və Rza Bərahəni kimi yazıçıların əsərlərinin ana dilinə tərcüməsi yalnız tərcümə faktı deyil; bu, eyni zamanda həmin müəlliflərin irsinin Azərbaycan ədəbi-mədəni yaddaşına qaytarılması cəhdi kimi dəyərləndirilə bilər.

Bununla yanaşı, çağdaş Güney şeirində əvvəlki dövrlərlə müqayisədə Qərb ədəbiyyatının poetik və estetik təcrübəsinə maraq artıb. Bir neçə dil bilən müəlliflərin dünya ədəbiyyatını birbaşa mənbələrdən oxumaq imkanları yeni forma və ifadə vasitələrinin mənimsənilməsinə şərait yaradır.

Ədəbi təsir və təqlid bu mərhələdə təbii prosesdir. Lakin yetkin yaradıcılığın əsas göstəricisi mənimsənilmiş təsirlərin tədricən fərdi poetik sistemə çevrilməsidir. Güclü şair başqa ədəbi təcrübələrdən bəhrələnsə də, nəticədə öz dilini, dünyagörüşünü və poetik üslubunu yaratmalıdır.
Güney ədəbiyyatının mühüm xüsusiyyətlərindən biri də estetik axtarışla ictimai-milli məsuliyyətin yanaşı mövcudluğudur.

Əslində, yazıçı və şairin yaşadığı cəmiyyətin problemlərindən tamamilə kənarda qalması heç bir ədəbi mühitdə asan deyil. Güney Azərbaycan şəraitində isə bu məsələ daha qabarıqdır. Ana dilində yazmaq, həmin dildə kitab nəşr etdirmək və müasir ədəbiyyat yaratmaq özü müəyyən mənada mədəni mövqe ifadəsinə çevrilir. Bütün bunları nəzərə aldıqda, çağdaş Güney Azərbaycan ədəbi-mədəni mühitini yalnız İran daxilində çıxan kitab və dərgilərlə məhdudlaşdırmaq doğru olmaz. Bu gün həmin ədəbi dövriyyə bir neçə paralel məkanda fəaliyyət göstərir: İranda rəsmi qeydiyyat və senzura şəraitində çalışan nəşriyyat və regional nəşrlər; ədəbi saytlar, elektron dərgilər və şəxsi arxivlər; Avropa və Amerikada fəaliyyət göstərən mühacirət mediası; nəhayət, Azərbaycan və Türkiyədə Güney Azərbaycan ədəbiyyatını daha geniş ədəbi dövriyyəyə daxil edən nəşriyyat, jurnal və digər platformalar.

Beləliklə, çağdaş Güney Azərbaycan ədəbiyyatı bir tərəfdən nəşr və dil məhdudiyyətləri ilə üzləşir, digər tərəfdən isə internet, tərcümə, diaspor nəşrləri və yeni ədəbi əlaqələr vasitəsilə öz sərhədlərini genişləndirir. Bu ziddiyyətli şərait onun bugünkü inkişafının əsas xüsusiyyətlərindən biridir: ədəbiyyat həm estetik yenilənmə yolu axtarır, həm də dilin, milli yaddaşın və mədəni kimliyin qorunması funksiyasını daşımaqda davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью