Güney azərbaycanlıların kimliyi rəsmi şəkildə tanınmır, problemi həll edilmir, etdiyi etiraz xarici dövlətlərlə əlaqələndirir

28.01.2026

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda son etirazlar 2025-ci il dekabrın 28-də başlayıb. Əvvəlcə insanlar bahalaşma, işsizlik və ağır həyat şəraitinə etiraz edirdi. Amma çox keçmədən bu aksiyalar birbaşa hakimiyyətə qarşı yönəldi. Qısa vaxtda etirazlar təkcə Tehranda yox, ölkənin bir çox şəhərində yayıldı. Yanvar ayına girəndə aksiyalar daha da gücləndi. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı sərt davranmağa başladı. Küçələrdə toqquşmalar oldu, çoxlu insan saxlanıldı,öldürüldü. Hökumət bir neçə dəfə interneti və telefon əlaqəsini kəsdi. Rəsmi açıqlamalara görə təxminən 3 min nəfər ölüb. Amma müstəqil mənbələr deyir ki, real rəqəm bundan xeyli çox ola bilər.

Kütlə ölümlərə, itkilərə baxmayaraq etirazlardan çəkilmir. Kütlə bu gücü hardan alır?

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 47 ildir davam edən molla rejimi orada olan azərbaycanlıların kimliyini qəbul edə bilmir: “Onlar özlərinə türk deyirlərsə, ana dilində oxumaq istəyirlərsə, onlar iqtisadi çətinliklərdən əziyyət çəkirlərsə, qəbul edilmir. Yəni güney azərbaycanlıların kimliyi rəsmiyyətlə tanınmır, problemləri həll edilmir, etirazlar olduğu zaman rejim bunu xarici dövlətlərə bağlayır. Düşünün ki, Urmu gölü qurudulur. Buna etiraz ediləndə deyirlər ki, "etirazçılar xaricdən təlimat alıblar". Halbuki, ətraf mühitlə bağlı və insanların gündəlik həyatına, səhhətinə, məcburi mühacirətinə səbəb olan amillər və digər məsələlər görməzlikdən gəlinir. Bu, qeyri-fars millətlərinə qarşı olan münasibətdir. Normal vətəndaş kimi haqlarını istəyən, normal vətəndaş kimi yaşamaq istəyən insanların hüquqları tanınmır.

Baş örtüyü məsələsi hələ də naməlum olaraq qalıb. Rejim sadəcə böhranda yaşayır deyə hələlik ona toxunmur. Amma qanunda da öz həllini tapmır. Siyasi proseslərdə məsələn, partiyaların yaranması, partiyaların işlək olması, insan kütlələrin istəkləri, siyasi partiyalar üzərindən gündəmə gəlməsi, normal demokratik şəkildə seçkilərin keçirilməsi və digər vətəndaş hüquqları görməzdən gəlinir”.

Sadiq İsabəyli

Sadiq İsabəylinin fikrincə, belə olduğu halda insanlar deyir ki, “Belə zillətdə yaşamaqdansa, ölmək daha yaxşıdır. Əgər bu rejim bizi bir vətəndaş olaraq belə qəbul etmirsə, bizim yaşamağın belə mənası qalmır”.

“İnsanlar normal vətəndaş kimi yaşaya bilmirlər. Bu səbəbdən də İrandan müharicət edirlər. Üç gəncdən ikisi ölkəni tərk etmək istəyir. Bu proses illərdir belə davam edir. Ali təhsilli insanlar, gənclər bütün yolları sınayırlar ki, ölkədən çıxıb getsinlər. Bu da mövcud ictimai-siyasi vəziyyətin necə olduğunu göstərir.

İranda insanlar deyirlər ki, "ya öləcəyik, ya bu məsələyə bir çarə tapılacaq. Ya bu rejim gedəcək, ya bu rejim düzələcək. Amma bu belə qala bilməz, ya da bu rejim bizi öldürəcək". İndi normal vətəndaşlar arasında ən çox danışılan mövzu budur”-deyə Sadiq İsabəyli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью