Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tarixi yaddaşın bədii mühakiməsi, sənət ittihamı
Tarixin elə səhifələri var ki, zaman keçdikcə ağrısı azalmır. İtirilmiş yurdlar, dağıdılmış ocaqlar, günahsız insanların həyatına son qoyan qərarlar nəsillərin yaddaşında yaşayır, ittiham aktı kimi cavablar tələb edir. Xalqımızın başına gətirilən müsibətlər bədii ədəbiyyatda, səhnə əsərlərində də öz əksini tapır. Yazıçı tarixin ağrılı məqamlarını bədii sözün qüdrəti, teatr isə obrazların dili ilə gələcək nəsillərə çatdırır. Hər sənət əsəri bu yaddaşa öz baxışını gətirir. Bu yanaşmalar tarixi həqiqətə söykəndiyi zaman təsir gücü daha da artır. Tarixi yaddaşın qurduğu “Məhşər divanı”nın ədalət hökmü də məhz bu məqamda üzə çıxır.
Noyabrın 10-da Heydər Əliyev Sarayının səhnəsində təqdim olunan “Məhşər divanı” tarixi detektiv tamaşasında xalqımıza qarşı törədilmiş faciələrin əsas baiskarlarının – Zori Balayandan tutmuş, Monte Melkonyana, Qaregin Njdeyə qədər əlləri azərbaycanlıların qanına batmış erməni faşistlərinin, eyni zamanda, onların havadarlarının məhkəməsi quruldu, bəşəri cinayətlərdə ittiham olundular.
Yazıçı-publisist, tədqiqatçı, fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı əsasında hazırlanmış “Məhşər divanı” tamaşasında Andranik Ozanyan, Zori Balayan, Qaragin Njde, Silva Kaputikyan, Mixail Qorbaçov və Əbdürrəhman Vəzirov kimi obrazların timsalında xalqımızın üzləşdiyi faciələr, 20 Yanvar hadisələri, torpaqlarımızın işğalı və tarixi ədalət məsələləri diqqət mərkəzinə gətirilir. Gizli qalan həqiqətlər üzə çıxır, sirlər açılır və hər kəs öz əməllərinə görə məhkəmə qarşısında cavab verir.
Tamaşada Andranik Ozanyan erməni şovinizmi və xalqımıza qarşı törətdiyi əməllərə görə mühakimə olunur. Onun 1918–1919-cu illərdə Zəngəzur və ətraf bölgələrdəki fəaliyyəti Azərbaycan tarixinin ağrılı səhifələri ilə bağlıdır. Xalq Cümhuriyyəti dövrünün sənədlərində Andranikin silahlı dəstələrinin müsəlman yaşayış məntəqələrinə hücumları, kəndlərin dağıdılması və əhalinin qətlə yetirilməsi barədə məlumatlar yer alır. Zəngəzurda törədilmiş qanlı hadisələrdə erməni millətçisi Qaragin Njdenin də adı çəkilir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya və Azərbaycanın bir sıra digər yaşayış məntəqələrinə yeridilməsi xalqımızın yaşadığı ən ağır faciələrdəndir. Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarında 20 Yanvar hadisələri “Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət” kimi qiymətləndirilib. Həmin sənəddə Mixail Qorbaçovun xalqımıza qarşı ağır cinayət törətdiyi qeyd olunur, Əbdürrəhman Vəzirov isə sovet qoşunlarının Azərbaycana çağırılmasına razılıq verən, təcavüzün birbaşa təşkilatçısı və iştirakçısı kimi göstərilir.
“Ocaq” kitabının müəllifi, daşnak və millətçi Zori Balayanın, ondan geri qalmayan Silva Kaputikyanın anti-Azərbaycan fəaliyyətləri XX əsrin sonlarında Qarabağ ətrafında cərəyan edən separatçılıq hərəkatı ilə birbaşa bağlıdır.
Tamaşaçını müəyyən zaman çərçivəsində tarixin dərinliklərinə aparan, açılmamış kələfin düyünlərini açan bu səhnə əsərində müttəhimlər ədalətin hökmündən yaxa qurtara bilmirlər. Əlbəttə, keçmişi geri qaytarmaq mümkün deyil. Ancaq tarixi həqiqətləri gələcək nəsillərə olduğu kimi çatdırmaq mümkündür. “Məhşər divanı”nda səhnədən tamaşaçıya ünvanlanan əsas çağırış məhz budur: heç bir xalq öz ağrılı keçmişini unutmamalıdır. Lakin keçmişi gələcəyə çatdırarkən faktların dəqiqliyi qorunmalıdır.
Mehparə ƏLİYEVA
XQ