Günvurma: əlamətləri və qorunma yolları

07.08.2026

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Yay mövsümündə istilər sağlamlığın pozulması risklərini artırır. Bu dövrdə insanlar günvurmadan zərər görür. Günvurma orqanizmin həddindən artıq qızması nəticəsində yaranan və ciddi fəsadlara səbəb olan kəskin vəziyyətdir. İstilik orqanizmin bütün fəaliyyətini zəiflədir və tərləmə nəticəsində insan çoxlu maye və duz itirir.Günvurma zamanı dırhal nə etmək lazımdır?

Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumdan Bizimyol.info-nun sorğusuna cavab olaraq bildirilib ki, günün ən isti saatlarında uzun müddət günəş altında qalmaq məsləhət deyil: “Günvurma birbaşa günəş şüalarının uzun müddət baş və boyun nahiyəsinə təsirindən yaranır. Mərkəzi sinir sistemi zədələnir. Klinik olaraq günvurmada baş ağrısı, başgicəllənmə, ürəkbulanma və halsızlıq olur. Bu səbəbdən dərhal tibbi yardım göstərilməlidir. Çünki vaxtında yardım edilməsə, klinik vəziyyət ağırlaşa bilər.

Günvurmadan qorunmağın ən effektiv yolu sadə profilaktik qaydalara əməl etməkdir. Günün ən isti saatları hesab olunan 11:00-17:00 aralığında uzun müddət günəş altında qalmamaq, açıq rəngli və yüngül geyimlər geyinmək, başı papaq və ya başqa vasitələrlə günəşdən qorumaq lazımdır. Gün boyu çoxlu su içmək məsləhətdir. Susuzluq hissinin yaranmasını gözləmək lazım deyil. Çox maye qəbul edilməlidir. Ayrıca uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər isti havalarda daha diqqətli olmalı, günvurma əlamətlərini hiss etdikdə isə vaxt itirmədən həkimə müraciət etməlidirlər”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью