Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Memarlıq və İncəsənət İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun birgə icra etdiyi “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” beynəlxalq elmi layihənin gedişi, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
Akademik İsa Həbibbəyli bu layihənin Azərbaycan və Gürcüstan alimlərinin birlikdə həyata keçirdikləri ikinci layihə olduğunu, ilk layihə çərçivəsində “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Bakıda, Tbilisidə və Kembricdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr olunduğunu xatırladıb.
AMEA rəhbəri ötən müddət ərzində “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” layihəsi çərçivəsində görülən işləri yüksək qiymətləndirərək, növbəti nəşrin hazırlanması məsələsinə toxunub. Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları tərəfindən layihənin növbəti nəşri üçün Nizami Gəncəvinin əsərlərinin süjet və obrazlarının musiqidə, teatrda, kinoda, təsviri sənətdə, memarlıqda və tətbiqi incəsənətdə əksini əhatə edən məqalələr hazırlandığını söyləyib və mövzuları qonaqların diqqətinə çatdırıb.
Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani nəşrin strukturunun Azərbaycan və gürcü ədəbiyyatı, eləcə də incəsənət nümunələrinin paralel şəkildə təqdim olunmasını təklif edib. Onun sözlərinə görə, nəşrdə əvvəlcə hər iki xalqın ədəbiyyatı, daha sonra isə incəsənəti ilə bağlı tədqiqatların yer alması nəzərdə tutulur. Bu yanaşma Azərbaycan və Gürcüstan ədəbi-bədii irsinin müqayisəli şəkildə öyrənilməsinə və oxuculara təqdim olunmasına imkan yaradacaq.
Professor İrma Ratiani layihənin növbəti mərhələsində Nizami və Rustavelinin dünya ədəbiyyatında qavranılmasını, onların Şərq və Avropa ədəbi mühitinə təsirinin tədqiq olunmasını təklif edib.
Gürcü Ədəbiyyatı İnstitutunun direktor müavini professor Maka Elbakidze isə öz növbəsində layihə çərçivəsində peşəkar mütəxəssislər tərəfindən təmsil etdiyi qurumun hazırlıq işləri barədə məlumat verərək musiqi, teatr, kino, ədəbiyyat və təsviri incəsənət sahələrini əhatə edən materialların artıq hazırlandığını, özünün də materialların redaktəsində iştirak etdiyini diqqətə çatdırıb.
Görüşdə tərcümə və redaktə işlərinin yekunlaşdırılması, elmi materialların beynəlxalq nəşriyyatlara təqdim edilməsi və gələcək əməkdaşlığın istiqamətləri barədə də fikir mübadiləsi aparılıb.