Icma.az bildirir, Apa.az portalına istinadən.
Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ dövlət katibinin müavini Brendan Hanrahanla görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili və dövlət katibinin köməkçisinin müavini Sonata Kolter də iştirak edib.
“ABŞ Dövlət Departamentində keçirilən görüşdə ikitərəfli münasibətlərin vacib məsələləri müzakirə edilib. Gürcüstan tərəfi bir daha ABŞ ilə münasibətləri yenidən başlamağa hazır olduğunu və strateji tərəfdaşlığın bərpasının vacibliyini vurğulayıb.
Tərəflər həmçinin regionda davam edən proseslərin və Gürcüstanla əməkdaşlıq perspektivlərinin müzakirəsini aparıblar.
ABŞ tərəfi Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyini təsdiqləyib”, - məlumatda deyilir.
Qeyd edək ki, Gürcüstan-ABŞ münasibətlərində gərginlik 2024-cü ilin sonundan hökm sürür. Həmin ilin noyabrın 30-da Vaşinqton Tbilisi ilə 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığını dəfələrlə bildirib.