Gürcüstan Azərbaycandan 330 milyon kilovat saata qədər elektrik enerjisi alıb

13.06.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 13 iyun, AZƏRTAC

Cari ilin dörd ayında Gürcüstanda 3,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 9,8 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Elektrik Bazarı Operatorunun (ESCO) saytında məlumat verilir.

Bildirilir ki, cari ilin yanvar-aprel aylarında Gürcüstanda elektrik enerjisi istehlakı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 4,9 milyard kilovat-saat təşkil edib. Məlumata görə, istehsal olunan enerjinin böyük hissəsi su elektrik stansiyalarının payına düşüb (2,9 milyard kilovat-saat). İstilik elektrik stansiyaları 965,63 milyard kilovat-saat, Kartli külək parkı isə 25,54 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Operatorun məlumatına görə, ixrac ötən ilin dörd ayı ilə müqayisədə 90,8 faiz azalaraq 7,22 milyon kilovat-saat təşkil edib.

Bundan əlavə, bu ilin yanvar-aprel aylarında Gürcüstan 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox - 974,48 milyon kilovat-saat (+118,9%) elektrik enerjisi idxal edib. İdxalın 59,5 faizi Rusiyadan olub ki, 580,02 milyon kilovat-saat elektrik enerjisi idxal olunub.

Gürcüstan idxal etdiyi elektrik enejisinin 33,7 faizini və ya 328,86 milyon kilovat-saatını Azərbaycandan, 6,7 faizini isə Ermənistandan alıb.

Hesabat dövründə Gürcüstanla Türkiyə arasında elektrik enerjisi ticarəti olmayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью