Gürcüstan biznesi siyasi proseslərdən ayırır TƏHLİL

31.01.2026

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Biznes fəaliyyəti ilə siyasi fəaliyyətin fərqləndirilməsi vacib məsələlərdən biridir. Siyasi fəaliyyətlə məşğul olan şəxslərin eyni zamanda biznes fəaliyyəti ilə məşğul olması bir o qədər də uyğun deyil. Amma bunu inzibati qaydada məhdudlaşdırmaq da yolverilməzdir".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Gürcüstanda İnzibati Xətalar Məcəlləsinə sahibkarlıqla məşğul olan hüquqi şəxslərin siyasi fəaliyyətini qadağan edən qanun layihəsinin əlavə edilməsi məsələsini şərh edərkən deyib. 

Ekspertə görə, bu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər daha çox siyasətə yox, sahibkarlığa meylli olacaqlar:

"Heç kəs onların bu və ya digər siyasi məsələyə münasibət bildirməsinə mane olmamalıdır. Hər bir fərd kimi sahibkar da ölkənin siyasi həyatına aid olan məsələlərə münasibət bildirə bilər. Gürcüstanda təklif olunan layihədə məsələ çox ümumi və yayğın qoyulur. Hansısa dövlət orqanının fəaliyyətini tənqid və ya təqdir etmək son nəticədə onun fəaliyyətinə təsir edən amil kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq, sahibkarlıq fəaliyyəti subyektlərinə seçkilərdə müstəqil tərəf kimi iştirak etmək, öz namizədini irəli sürmək, onun xeyrinə təbliğat aparmaq hüququ xeyli məhdudlaşdırılmalıdır. Onların namizəd irəli sürmək hüququ olmamalıdır. Bu, tamamilə doğru hal kimi qəbul oluna bilər. Çünki namizədləri siyasi strukturlar irəli sürməlidir. Amma sahibkar dövlət orqanının fəaliyyəti barədə hansısa bir fikir bildirirsə, bunu inzibati xəta saymağın özü demokratik prinsiplərə uyğun gəlmir".


Hüquqşünas qeyd edir ki, əksər ölkələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar eyni zamanda siyasətlə də məşğul olurlar:

"Ancaq sahibkarlıq subyektləri – məsələn, hansısa hüquqi şəxs, konsern, firma və s. – müstəqil şəkildə siyasətlə məşğul olmurlar. Dünyanın ən varlı şəxslərindən olan Donald Trampın prezidentliyə namizədliyi özünün sahib olduğu sahibkarlıq subyektləri tərəfindən deyil, Respublikaçılar Partiyası tərəfindən irəli sürülüb. Ona görə də sahibkarların siyasi fəaliyyəti ilə bağlı məsələdə ifadələr dəqiqləşdirilməlidir. Dünyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin bütövlükdə siyasi fəaliyyətlə məşğul olmalarını qadağan edən bir norma məlum deyil. Amma onların seçkilərdə müstəqil tərəf kimi iştirak etmələri qadağan edilə bilər və bu da tamamilə təbii qiymətləndirilər".

Qeyd edək ki, Gürcüstanda sahibkarlıqla məşğul olan hüquqi şəxslərin siyasi fəaliyyəti qadağan edilə bilər. Bununla bağlı ölkənin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb. Qanunvericilik layihəsinə əsasən, bizneslə məşğul olan hüquqi şəxs tərəfindən hökumətə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək məqsədilə həyata keçirilən hər hansı bir fəaliyyət siyasi fəaliyyət hesab olunacaq.

İnzibati Xətalar Məcəlləsinə əlavə ediləcək yeni maddəyə əsasən, belə fəaliyyətin açıq şəkildə həyata keçirilməsi 20 min lari (təqribən 13 min AZN) məbləğində cərimə ilə nəticələnəcək. Hərəkət təkrarlanarsa, cərimə 40 min lari (25 288 AZN) təşkil edəcək. Hakim "Gürcü Arzusu" Partiyası bildirib ki, təşəbbüsün məqsədi biznesi siyasi proseslərdən ayırmaqdır.

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью