Gürcüstan Çin ilə strateji tərəfdaşlığı daha da dərinləşdirmək niyyətindədir

02.09.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 2 sentyabr, AZƏRTAC

Gürcüstan Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığı daha da dərinləşdirilmək üçün həm siyasi, həm də iqtisadi baxımdan konkret addımlar atacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitini şərh edərkən deyib.

Baş nazir bildirib ki, sammit çərçivəsində müxtəlif ölkələrin liderləri Çində səfərdə olur və paradlarda iştirak edirlər. Bu səbəbdən də həmin dövlət başçıları Çindəki tədbirlərə qatılırlar.

Onun sözlərinə görə, Çinlə əməkdaşlığı “vətənə xəyanət” kimi təqdim etmək cəhdləri əsassız spekulyasiyadır. “Bizə qarşı çıxan qüvvələrin hansı dəyərlərə və prinsiplərə əsaslandığı tamamilə aydındır. Gürcüstan-Çin münasibətlərinə gəldikdə isə, biz bu tərəfdaşlığa çox diqqətlə yanaşırıq və onu strateji səviyyədə qiymətləndiririk. Bu əməkdaşlıq bizim üçün həm siyasi, həm də iqtisadi baxımdan çox dəyərli və vacibdir. Müvafiq olaraq, konkret addımlar atılacaq. Gürcüstan və Çin arasında tərəfdaşlığın daha da dərinləşməsi üçün şəxsən özüm böyük işlər görəcəyəm”, - deyə Baş nazir vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью