Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın Dünya İqtisadi Forumuna (Davos) dəvət edilməməsi ilə yanaşı, ölkənin baş nazirinin “Sülh Şurası”nın təsis mərasimində də görünməməsi Tiflisdə və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bu iki məqam eyni vaxtda baş verdiyi üçün Gürcüstanın beynəlxalq platformalardakı mövqeyi ətrafında suallar daha da artıb.
Gürcüstan mediasında yer alan məlumatlara görə, Davos forumuna dəvət edilməmək məsələsi rəsmi Tiflisə əvvəlcədən bəlli olub. Hakimiyyət təmsilçiləri bu qərarla bağlı açıq etiraz səsləndirməsələr də, iqtidara yaxın mənbələr beynəlxalq tədbirlərə dəvətlərin siyasi şərtlərlə əlaqələndirilməsini qəbuledilməz hesab etdiklərini bildiriblər.
Müxalifət isə baş verənləri fərqli qiymətləndirir. Gürcüstanın aparıcı müxalif qüvvələri Davos kimi qlobal platformadan kənarda qalmağı və “Sülh Şurası”nın təsis mərasimində baş nazirin iştirak etməməsini ölkənin beynəlxalq imicinə ciddi zərbə sayır. Onların fikrincə, bu vəziyyət son illər Gürcüstanın Qərb institutları ilə münasibətlərində yaranan gərginliyin və etimad böhranının nəticəsidir.
Eyni zamanda, rəsmi Tiflis beynəlxalq təşkilatların Gürcüstan qarşısında irəli sürdüyü bəzi tələbləri ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirir və bu mövqenin qəbulolunmaz olduğunu açıq şəkildə ifadə edir. Gürcüstan mediasında qeyd olunur ki, məhz bu yanaşma ölkənin bir sıra beynəlxalq platformalarda iştirak imkanlarına təsir göstərir.