Gürcüstan parlamenti ümumi təhsillə bağlı yeni qaydaları təsdiq edib

03.02.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 3 fevral, AZƏRTAC

Gürcüstan parlamenti "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişiklikləri birinci oxunuşda sürətləndirilmiş şəkildə qəbul edib.

AZƏRTAC xəbər verir ki, 82 deputat layihənin lehinə, 8-i əleyhinə səs verib.

Təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya bildirib ki, tam ümumi təhsil 11 ildən az və 12 ildən çox olmayacaq. İbtidai təhsil 6 il (I−VI siniflər), əsas təhsil 3 il (VII−IX siniflər) və orta təhsil 2 il (X və XI siniflər) davam edəcək. Həmçinin, könüllü olaraq bir il - XII sinif əlavə olunur.

Onun sözlərinə görə, ibtidai təhsilə başlamaq 6 yaşdan olacaq və yalnız sentyabrın 15-dək 6 yaşı olan uşaqlar məktəbə qəbul ediləcəklər.

Ümumi təhsilin ibtidai səviyyəsində şagirdlərin məktəbli formasını geyinməsi məcburi olacaq və onun nümunəsi nazirlik tərəfindən təsdiqlənəcək.

Zviad Qabisoniya deyib ki, dərsliyə qiymət verilməsi qaydası ləğv ediləcək. Bunun üçün Təhsil, Elm və Gənclər Nazirliyi ümumi təhsil müəssisələri üçün məktəb dərsliyi yaradacaq, onun çapını və şagirdlərin müvəqqəti istifadəsi üçün müvafiq məktəblərə pulsuz çatdırılmasını təmin edəcək.

Dəyişikliklərə əsasən, şagirdə qarşı zorakılıq səbəbindən əmək müqaviləsi ləğv edildikdə, müəllimin və ya ümumi təhsil müəssisəsinin digər işçisinin 3 il müddətində ümumi təhsil müəssisəsində işləməsi qadağan ediləcək.

Nazirlik, həmçinin dövlət məktəblərində şagirdlər tərəfindən elektron rabitə vasitələrindən (mobil telefonlar da daxil olmaqla) istifadə üçün ümumi qaydaları təsdiqləyəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью