Gürcüstan Parlamentində “Qrantlar haqqında” Qanuna dəyişikliklər müzakirə olunur

02.02.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 2 fevral, AZƏRTAC

Gürcüstan Parlamentinin Hüquqi Məsələlər Komitəsi ilk dinləmədə "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının fraksiyası tərəfindən təqdim edilən “Qrantlar haqqında” Qanuna və digər qanun layihələrinə baxıb və onları dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, yeni qanun layihəsi qrant anlayışını aydınlaşdırır və bir sıra şərtləri müəyyən edir.

Düzəlişlər qrant alanın texnologiya, ixtisaslaşmış bilik, bacarıq, təcrübə mübadiləsi, xidmətlər və ya digər yardım növləri şəklində texniki yardım göstərməsinin müqabilində nağd və ya natura şəklində köçürülən vəsaitlərin də qrant hesab edildiyini müəyyən edir.

Komitə sədri Arçil Qorduladze deyib ki, xaricdə qeydiyyatdan keçmiş, lakin fəaliyyətinin əsas hissəsi Gürcüstanla bağlı olan təşkilat “Qrantlar haqqında” Qanunda nəzərdə tutulmuş prosedura uyğun olaraq qrant almadan əvvəl hökumətdən müvafiq razılıq almalı olacaq.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinə xaricdə lobbiçilik və siyasi fəaliyyət üçün ödənilən pulların cinayət məsuliyyətinə səbəb olacağına dair norma əlavə olunur. "Gürcüstanla bağlı məsələlərdə ölkə adından danışmaq yalnız Gürcüstan hökumətinin səlahiyyətindədir. Hətta Gürcüstan prezidentinin də beynəlxalq səhnədə çıxış edərkən Gürcüstan hökumətinin razılığına ehtiyacı var", - deyə komitə sədri bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью