Gürcüstan Sərhəd Polisinin bölmələri Türkiyə Hərbi Dəniz Qüvvələrində təlim keçəcək

24.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 24 noyabr, AZƏRTAC

Gürcüstan Sərhəd Polisinin rəisi Davit Tamazaşvili Türkiyənin bu ölkədəki səfiri Əli Kaan Orbay və Hətbi Attaşe aparatının rəhbəri İlhan Öktendural ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Sərhəd Polisi məlumat yayıb. Davit Tamazaşvili və İlhan Oktendural “Gürcüstanın Daxili İşlər Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında Gürcüstan Daxili İşlər Nazirliyinin Dövlət Subsidiyasının Sahil Mühafizəsi Departamentinin əməkdaşlarının Türkiyə Hərbi Dəniz Qüvvələrinə göndərilməsinə dair” texniki saziş imzalayıblar. Sazişin məqsədi NATO-nun “Sea Guardian” (OSG) dəniz əməliyyatı çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərində Sərhəd Polisinin Sahil Mühafizə İdarəsinin Taktiki bölməsinin yerləşdirilməsi, vəzifə və öhdəlikləri ilə bağlı ikitərəfli öhdəlikləri tənzimləməkdir. Bildirilib ki, Türkiyə artıq NATO əməliyyatı çərçivəsində öz hərbi dəniz gəmilərində Gürcüstan Sərhəd Polisinin Sahil Mühafizə İdarəsinin Taktiki bölməsini yerləşdirməyə hazır olduğunu bildirən ikinci dövlətdir.

Qeyd edək ki, 2022-ci ilin mayında Şimali Atlantika Alyansı Gürcüstana əməliyyat tərəfdaşı statusu verib. Bununla da, müvafiq bölmələr tərəfindən müvafiq sertifikatlaşdırmanın başa çatması nəticəsində Gürcüstan bu statusu alan ilk qeyri-NATO ölkəsi olub. Gürcüstan, yuxarıda qeyd olunan qərara əsasən, dəniz təhlükəsizliyi baxımından alyansa dəstək vermək səlahiyyətinə sahib olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью