Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 10 noyabr, AZƏRTAC
Gürcüstan və Türkiyə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi, elektrik enerjisinin idxalı, ixracı və tranziti məsələləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşündən sonra məlumat yayıb.
Görüşdə Qara dənizin sualtı elektrik ötürücü kabeli və yaşıl enerji dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu layihələrin həyata keçirilməsi regionun enerji infrastrukturunun inkişafına, bərpaolunan enerji sektoruna yerli və beynəlxalq investisiyaların cəlb edilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və Avropa enerji bazarına inteqrasiyanın dərinləşməsinə töhfə verəcək.
Həmçinin COP31 çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasının əhəmiyyəti qeyd olunub.
Sənədin regionda enerji bağlantılarının inkişafına, təmiz enerji mənbələrindən əldə olunan elektrik enerjisinin ötürülməsinə və müvafiq infrastrukturun yaradılmasına xidmət edəcəyi bildirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi