Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
"Bu, bizim üçün qətiyyən qəbuledilməz vəziyyətdir. İki ölkə arasındakı münasibətlərin səviyyəsinə yaraşmır".
"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Beşiktaş"ın Gürcüstanın Batumi şəhərində "Hapoel Beer-Şeva"ya qarşı keçirdiyi UEFA Avropa Liqası matçında baş verən hadisələri şərh edərkən deyib.
"Bu üzücü və qəbuledilməz hadisələr baş verərkən mən təyyarədə idim. Dünən Milli Təhlükəsizlik Şurasının iclasından çıxdıq. Müdafiə nazirimiz və Baş Qərargah rəisimizlə birlikdə təyyarəyə mindik, Pakistana gedirdik. Həmin vaxt matçda bu hadisələr baş verdi. Bundan sonra dərhal Gürcüstanın xarici işlər nazirinə zəng etdim. Səfirimiz və baş konsulumuzla da birbaşa hadisə yerində əlaqə saxlayırdıq", - deyə Fidan bildirib.
O, əsas məqsədlərinin hadisələri sakitləşdirmək, heç bir Türkiyə vətəndaşının saxlanılmamasını, xəsarət almamasını və onlara lazımi diqqətin göstərilməsini təmin etmək olduğunu deyib. Fidan bu istiqamətdə bütün tədbirlərin görüldüyünü, digər nazirliklərin də prosesə cəlb olunduğunu vurğulayıb.
Fidan Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandianın Xarici İşlər Nazirliyinə çağırıldığını, lazımi xəbərdarlıq edildiyini və müzakirələrin aparıldığını xatırladıb.
"Bu, bizim üçün qətiyyən qəbuledilməz vəziyyətdir. İki ölkə arasındakı münasibətlərin səviyyəsinə yaraşmır. Azarkeşlərimizə belə münasibət göstərilməsini qəbul edə bilmərik. Bu məsələ ilə bağlı mesajlarımızın başa düşüldüyünü düşünürəm", - deyə o bildirib.