Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan parlamenti "Ümumi təhsil haqqında" Qanuna düzəlişləri sonuncu üçüncü oxunuşda qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, 85 deputat qanunvericilik layihəsinin lehinə, 10 deputat isə əleyhinə səs verib.
Əsas düzəliş tam orta təhsilin 12 ildən 11 ilədək azaldımasından ibarətdir. I-VI siniflər ibtidai, VII-IX siniflər baza, X-XI siniflər isə orta təhsil mərhələsi kimi müəyyən edilib. XII sinif üzrə əlavə təhsil isə könüllü olacaq.
Digər vacib dəyişikliyə əsasən isə I sinfə 15 sentyabra qədər 6 yaşı tamam olan uşaqlar qəbul olunacaqlar.
Ümumi təhsilin ibtidai səviyyəsində şagirdlərin məktəbli forması geyinməsi məcburi olacaq və onun nümunəsi Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən təsdiqlənəcək. Nazirlik həmçinin dövlət məktəblərində şagirdlər tərəfindən mobil telefonlar da daxil olmaqla elektron rabitə vasitələrindən istifadənin ümumi şərtlərini təsdiqləyəcək.
Qeyd edək ki, Gürcüstanda 12 illik ümumi təhsil sisteminə keçid 2005-ci ildə başlayıb, tam keçid isə 2008-2009-cu tədris ilindən baş tutub.