Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tbilisi, 22 iyun, AZƏRTAC
Gürcüstan Parlamentinin Hüquqi Məsələlər Komitəsi "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" Qanuna edilən dəyişiklikləri və ona əlavə edilmiş layihələri ilk dinləmədə sürətləndirilmiş şəkildə nəzərdən keçirib və dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, layihə ilə bağlı Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze məlumat verib. Onun sözlərinə görə, qanunvericilik qaydalarına əsasən, Gürcüstanda universitetə qəbul olmaq istəyən tələbə Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş dili biliyini təsdiq edən sertifikat təqdim etməlidir. Bundan əlavə, Milli İmtahan Mərkəzinə müəyyən hallarda xarici dil imtahanı təşkil etmək səlahiyyəti verilir. Düzəlişlərə görə, əgər xarici tələbə Gürcüstanda təhsil alırsa, bir tədris ili ərzində qanunla tələb olunan kreditlərin sayının ən azı üçdə birini toplamalıdır. Əgər xarici tələbə statusunu 90 gündən çox müddətə dayandırarsa, bu, onun rezidenturasının ləğvi üçün əsas olacaq. Həmçinin əgər xarici tələbə ölkəni 183 gündən çox müddətə tərk edərsə və bu, üzrlü səbəb deyilsə (mübadilə proqramı və ya tibbi ehtiyac), onda da bu, onun rezidenturasının itirilməsi üçün əsas olacaq.
Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin bazasında vahid informasiya sistemi yaradılacaq və burada hər bir xarici tələbənin qəbulu, təhsili və statusunun dayandırılması məsələləri öz əksini tapacaq.
Dəyişikliklər Gürcüstan vətəndaşı ilə nikahdan sonra daimi yaşayış icazəsinin verilməsi məsələsinə də təsir edəcək. Xüsusilə Cinayət Məcəlləsinə saxta nikahı və ya belə nikahda olmağı cəzalandıran yeni bir maddə daxil ediləcək. Nikahın həqiqi olduğu təsdiqlənərsə, bu halda müəyyən bir mexanizm mövcud olacaq. Xüsusilə daimi yaşayış icazəsi ilk dəfə verilməyəcək, lakin xüsusi icazə növü - Gürcüstan vətəndaşının həyat yoldaşı üçün yaşayış icazəsi tətbiq olunacaq ki, bu da ilk dəfə bir il, daha sonra isə iki il müddətinə veriləcək. Ümumilikdə bu proses beş il müddətində izləniləcək və əgər nikahın həqiqi olduğu təsdiqlənərsə, daimi yaşayış icazəsi veriləcək.
Qanunvericilik dəyişiklikləri paketinə Cinayət Məcəlləsinə edilən düzəliş daxildir. Bu düzəlişə əsasən, Xüsusi Penitensiar Xidmətin yerli şurası xüsusi riskli həbsxana müəssisəsinə yerləşdirilən xarici məhkum istisna olmaqla, müddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş xarici məhkum üçün cəzanın çəkilməmiş hissəsini Gürcüstandan çıxma və Gürcüstana giriş qadağası ilə əvəz etmək imkanına malik olacaq. Bu, xarici məhkum az ağır cinayətə görə cəzasının ən azı üçdə birini, ağır cinayətə görə ən azı yarısını və xüsusilə ağır cinayətə görə cəzasının ən azı üçdə ikisini çəkdikdən sonra baş verəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi